16:03, 12 Mart 2018 (Bazar ertəsi) 170

İsa Qəmbərin müayinələri bitmək üzrədir

İsa Qəmbərin müayinələri bitmək üzrədir
Ankaradakı Hacettepe Universitetinin xəstəxanasında müalicə olunan Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin xanımı Aida Qəmbər martın 12-də Novator.az saytına açıqlama verib. O bildirib ki, həyat yoldaşının durumu yaxşıdır və müayinələr bitmək üzrədir: "İsa bəy yaxın günlərdə Bakıya qayıdacaq və birbaşa evə gələcək. Həkimlər onun Bakıda yenidən müayinə olunmasına lüzum görmürlər”.

İsa Qəmbər bu il iki dəfə (13-18 yanvar, 23-28 fevral) Bakıdakı Mərkəzi Klinik Xəstəxanada ürəyindən müalicə alıb. Fevralın 28-də o, müalicəsini davam etdirmək üçün Türkiyə paytaxtına gedib.

İsa Qəmbər 1957-ci il fevralın 24-də Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1979-1989-cu illərdə Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.

Siyasətə 1980-ci illərin ikinci yarısında qoşulan İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.