20:03, 16 Aprel 2018 (Bazar ertəsi) 25

İranda su qıtlığıına qarşı etirazlar başlayıb

İranda su qıtlığıına qarşı etirazlar başlayıb
Ötən həftə İranın ən böyük şəhərlərindən olan İsfahanda insanlar ard-arda bir neçə gün ölkədə get-gedə ağırlaşan su qıtlığına etiraz etməyə başlayıblar.

"Azadlıq Radiosu"nun xəbərinə görə, sosial mediada yayılmış, çərşənbə axşamı günü İranın şərqindəki Xorasqanda çəkildiyi deyilən bir videoda küçəyə toplaşmış bir qrup etirazçının yaxınlıqdakı parkda dinc yürüş keçirdiyi görünür. 

Videoda İran polisi etirazçıların qarşısındakı sədlərin arxasında dayanıb. Bir kişi səsgücləndirici ilə insanları hökumət əleyhinə şüarlar səsləndirməməyə çağırır. 

İran polisi son günlərdə İsfahanda su qıtlığına etiraz edənlərə buna bənzər müraciətlər edib. Videoda daha sonra etirazçıların park boyu yürüş edərkən "Qorxmayın, biz birlikdəyik" şüarı səsləndirdiyi eşidilir.

İranın dövlət mətbuatı ötən həftənin çərşənbə axşamı günü yaxın aylarda İsfahan əyalətinin milyonlarla sakininin kran suyuna çıxışının kəsiləcəyini bildirib. Bu durumun ölkədəki su böhranının dərinləşməsi ilə bağlı olduğu bildirilir.

İran hökuməti, eyni zamanda, İsfahanda çay sularının istiqamətini dəyişərək sənaye ehtiyaclarını qarşılamaq üçün qonşu Yəzd əyalətinə yönləndirir ki, bu da isfahanlı fermerlərin qəzəbinə səbəb olur.

İran rəsmiləri etiraf edirlər ki, son 30 ildə ölkədə köhnəlmiş kənd təsərrüfatı və irriqasiya sistemləri, üstəgəl sudan istifadə siyasətinin zəifliyi ümummilli su böhranına yol açıb. Son aylar yağıntının orta səviyyədən aşağı olması isə durumu daha da ciddiləşdirib.

Aprelin 14-ü isə İran polisinin İsfahanda su qıtlığına etirazları dağıtmağa başladığı xəbərləri yayılıb.

"Amerikanın Səsi"-nin xəbərinə görə, ötən həftənin ard-arda beş günü sosial mediada İsfahanda su qıtlığına etiraz aksiyalarının videoları paylaşılıb. Ancaq şənbə günü çəkilmiş videoda polisin nümayişləri dağıtmağa çalışdığı ilk dəfə görünür.

Etiraz hərəkatı cümə günü ərazidəki fermalardan mühafizəkar qadınların da aksiyaya qoşulması ilə daha da genişlənmişdi. Cümə günü çəkilmiş videoda mühafizəkar qadınların İsfahanda yürüş etdiklərini görmək mümkündür. Yürüş boyu qadınları qorumaq üçün onların yanında motosikletlərlə gedən kişilər görünür.

İran hökumətinin İsfahandakı şiə dini lideri ayətulla Yousef Tabatabaye-nejad cümə günü hövsələdən çıxaraq etirazçıları "üsyan və çevriliş" yaratmağa çalışmaqda ittiham edib. O, hər zaman fermerlərin hüquqlarını müdafiə etdiyini desə də, əlavə edib ki, "mən daha onların haqlı olduğunu düşünmürəm".

Mühacirətdə fəaliyyət göstərən bir müxalif İran saytı İsfahanda etirazçıların həmin ittihama cavabı olduğu iddia edilən videonu paylaşıb. Videoda etirazçılar "ayıb olsun, bizi rahat buraxın" deyə şüar səsləndirirlər.

İsfahan əyalətinin Varzan şəhərindən olan fermerlər hələ bu ilin fevralından su qıtlığına etiraz etməyə başlayıblar. Onlar ilk növbədə hökumətin ərazidən axan çayların istiqamətini dəyişərək, onları qonşuluqdakı Yəzd əyalətindəki zavodlara tərəf yönləndirməsindən qəzəblənmişdilər. Həmin etirazların ciddiləşərək ötən ay etirazçıların təhlükəsizlik qüvvələri ilə zorakı toqquşması ilə nəticələndiyi bildirilir.

"Azadliq.org"