18:33, 17 İyul 2018 (Çərşənbə axşamı) 425

İqtisadçı: "Son zamanlar bir-birini təkrarlayan agentliklər yaradılır"

İqtisadçı:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yeni Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılır. 

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. 

Fərmana əsasən, Yerin təkindən istifadə olunması, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri bu agentliyə şamil olunacaq. 

Agentlik "Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. 

Agentliyin nizamnamə fondu Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun vəsaiti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından agentliyə verilən aktivlər hesabına formalaşdırılacaq.

 Ancaq bu fərman energetika ilə bağlı yerin təkindən istifadə münasibətlərinin tənzimlənməsinə şamil olunmur.

İqtisadçı Natiq Cəfərli Toplum Tv-yə deyib ki, son zamanlar çox pis bir tendensiya yaranıb: "Son vaxtlar bir-birlərinin funksiyalarını təkrarlayan və dövlət büdcəsinə əlavə yük olan agentliklərin yaradılması istiqaməti götürülüb. Son iki ildir biz bunu görürük. Bütün dünyada əsasən də, qonşu ölkələrdə -Türkiyədə, Gürcüstanda da dövlətin idarəetmə mexanizmləri təkmilləşdirilir. Nazirliklərin, dövlət idarələrinin sayı azaldılır. Amma bizdə də tez-tez yeni agentliklər yaradılır və müxtəlif nazirliklərin funksiylarını həmin agentliyə verilməsi prafilaktikası götürülür. Bu agentliklər də publik şəxs olmasına baxmayaraq, həm büdcədən maliyyələşəcək. Üstəlik müxtəlif cərimələr və ya nəzarət mexanizmləri hesabına pul qazanmaq şərti də qarşısına məqsəd qoyulur. Bu, doğru yanaşma deyil. Əslində belə bir agentliyin yaradılması zərurətini anlaya bilmirəm. Eyni funksiyanı nazirlik də daşıyırdı və daşımalı idi. Amma görünən odur ki, müxtəlif nazirlikləri islah etməkdənsə, yeni agentliklərin yaradılması yolu tutulub. Bu da dövlət aparatının daha da şişirdilməsinə gətirib çıxarır. Bunu doğru yol saymıram.

İqtisadçı deyir ki, Yerin təkindən istifadə münasibətləri indiyədək qanunla tənzimlənirdi. Ekologiya Nazirliyinin müvafiq icra strukturları da buna nəzarət edirdi: "Məntiqli olardı ki, nazirliyin həmin strukturları təkmilləşdirilsin, Yeni idarəetmə mexanizmlərinin yaradılmasına çalışılsın. Amma bu, baş vermir. Yeni bir struktur yaradılır. Mənə elə gəlir ki, bunun məntiqi o qədər də anlaşılan deyil. Neft və qaz kontraktları və bunun idarə olunması birbaşa parlament tərərfindən təsdiqlənmiş hasilatın pay bölgüsü proqramlarına görə həyata keçirilir. Buna xarici şirkətlər də razı olmazdı ki, Azərbaycanda neft-qaz sahəsində fəaliyyət göstərən böyük şirkətlər hər hansı bir qurumdan asılı vəziyyətə düşsün. Mənə elə gəlir ki, bu nəzərə alınıb. Qərar verilərkən xarici şirkətlərin ancaq hasilatın pay bölgüsü proqramına uyğun olaraq parlamentin təsdiq edilmiş və qanunvericilik şəklində konstitusiya hüququna malik olan sənədlə tənzimlənməsinə üstünlük verilir. Mənə elə gəlir ki, xarici şirkətlərin marağını nəzərə almaq üçün belə bir addım atılıb”.

Alya Ağayeva
Toplum Tv