13:54, 17 Oktyabr 2018 (Çərşənbə) 218

İqamətgahda axtarış müvafiq razılaşmadan sonra aparılacaq

İqamətgahda axtarış müvafiq razılaşmadan sonra aparılacaq


/ DÜNYA
Türkiyə Daxili İşlər Nazirliyi jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə əlaqədar başlayan təhqiqat çərçivəsində baş konsulun İstanbuldakı iqamətgahında axtarış aparmaq üçün hələlik Səudiyyə Ərəbistanı ilə bütün məsələləri razılaşdırmayıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu Anadolu informasiya agentliyinə verdiyi müsahibədə deyib.

"Biz Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq məsələlərində özümüzü təmkinli aparırıq. Səudiyyə Ərəbistanı ilə müvafiq birgə razılıq əldə olunduqdan sonra baş konsulun iqamətgahında axtarış aparacağıq”, - deyə o bildirib.

Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu Krallığın İstanbuldakı baş konsulluğuna təxminən 9 saat çəkən baxış keçirib. Araşdırmanın nəticələri hələlik açıqlanmır.

Bəzi KİV-lərin yaydığı məlumata əsasən, jurnalist diplomatik missiyanın binasında qətlə yetirilib.

Kaşıkçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınır. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist "The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.