14:23, 28 Oktyabr 2016 (Cümə) 208

"İndi ən böyük narazı kütlə məmurlardır" - İlham Şaban

Müsahibimiz Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabandır. O, dünya bazarında neftin qiymətinin kəskin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri,  ölkədə neft-qaz faktorunun rolu və qeyri-neft sektorunun gələcək prespektivləri kimi aktual mövzuları əhatə edən suallara cavab verib. 

Toplum.tv həmin müsahibəni təqdim edir:

- İlham bəy, son vaxtlar prezident İlham Əliyev cəmiyyətə neft və qazla bağlı ümumiyyətlə, enerji ilə bağlı mesajlar verir. Xorvatiya prezidenti ilə görüşdə də dedi ki, Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində ölkəmizə kifayət edəcək. Bir yandan enerjidən asılı olmayan iqtisadiyyat qurduğumuzu deyirik, o biri yandan cəmiyyətə təbii ehtiyatlarımız var mesajı verilir. Bunu necə izah edərdiniz?

- Əvvəla, nefti qazdan ayırmaq lazımdır. Prezidentin mesajı neft gəlirləri ilə bağlıdır. İkincisi, prezidentin mesajı əhaliyə ünvanlanmayıb. Onsuz da, neftin 100 dollardan yuxarı olan qiymətində də əhalinin orta gəliri heç 500 manata çatmamışdı. Əhalinin böyük əksəriyyəti elə bu gəlirlər  hesabına dolanırdı. Prezidentin  mesajı məmurlara və öz ətrafına ünvanlanıb. O, hökumət iclaslarında da vurğulayır ki, Neft Fondundan artıq böyük gəlirlər gözləməyin. Çünki Dövlət Neft Fondu prezidentə tabedir. Prezident vaxtilə fonddan  büdcəyə böyük məbləğlər keçirirdi və ən böyük gəlirlərdən  də məhz hökumət yararlanırdı. Niyə mən bunu belə deyirəm? Çünki büdcənin qeyri-rasional xərclənməsində əhalinin rolu yox idi, bundan məmurlar  yararlanırdı.  Prezidentin bütün mesajları məhz məmur ordusuna yönəlib, onların əhaliyə dəxli yoxdur. İndi ən böyük  narazı kütlə  məhz məmurlardır. Onları düşündürən odur ki, bizim gəlirlərimiz necə olacaq?! 

- Cəmiyyətə bir mesaj yoxdurmu?

- Bundan sonrakı mesaj isə göstərir ki,  korbohidrogenlərin, o cümlədən neftin qiyməti  2025-ci ilə qədər  təqribən 70-75 dollara qədər yüksələ bilər. Çünki dünya iqtisadiyyatının artım tempi, innovativ və  qənaətcil texnologiyaların inkişafı,  alternativ energetikanın iqtisadiyyatda tətbiqi  nəticəsində əvvəlki onilliklərdəki qədər enerjiyə  tələbat yoxdur. Enerjinin payı iqtisadiyyatda  getdikcə azalır. Artıq dünya iqtisadiyyatına əvvəlki templərdəki qədər çox enerji lazım deyil. Doğrudur, enerji  həcm etibarilə artır, ancaq  bu, dünya iqtisadiyyatının əsasını təşkil edən inkişaf etmiş ölkələrin yox, inkişaf etməkdə olan ölkələrin  hesabınadır. Bunun da iqtisadi tutumu azdır.

- Keçək Azərbaycana...

- .Azərbaycana gəlincə, neftdən gələn mənfəət  2014-cü ildə 16.2 milyard idisə, 2016-cı ildə bu gəlirlər ən yaxşı halda 5 milyard olacaq, yəni 3 dəfədən çox azalacaq. Əgər bu qədər azalma varsa, ikinci bir tərəfdən enerji  yönümlü layihələri 2018-ci ilə qədər davam etdirəcəyiksə, söhbət nədən gedə bilər? Demək, Azərbaycan öz inkişaf yolunu qənaətcil  rejimə keçirməlidir. Niyə qənaətcil rejim? Çünki qeyri-neft sektorunda inqilabi dəyişikliklər baş versə, hökumət şəffaf olsa, korrupsiyanın səviyyəsini dəfələrlə azaltsa belə, bunların  bəhrəsini verməsi üçün illər lazımdır. Bu illərdən sonra qeyri-neft sektoru neft sektorunun üçdə biri qədər mənfəət verəcək,  çünki  hazırda  neftdən 5 milyard mənfəət gəlirsə, qeyri-neft sektorundan heç  1 milyard da mənfəət yoxdur. Çox münbit bir şərait qurmaq lazımdır ki, qeyri-neft sektoru inkişaf etsin.

- Yəni?

- Yəni  qaz sektorunun, kondensatın və təbii qazın gətirəcəyi mənfəətlər yalnız 2023-2025-ci illərdə indi bizim neftdən gələn 5 milyard mənfəətdən  daha az olacaq. 2020-ci ildən sonra isə şirkətlərin sektora qoyduğu sərmayələr qaytarılmalıdır ki,  gəlir  yavaş-yavaş artaraq 5 milyard, ən yaxşı halda 7 milyard olsun. Ümid etmək olar ki, gələcəkdə bir neçə qaz layihəsi olsun ki, biz 2030-cü ildə qazdan mənfəət əldə edə bilək. Ancaq bunların hamısı ehtimallardır. Real bir söz demək mümkün deyil. Fakt budur ki, hələlik biz neftdən 5-6 milyard civarında mənfəəti 10 il boyunca əldə edəcəyik və bu  mənfəətlə müqayisə ediləbiləcək digər iqtisadi sektorlar yoxdur.

- Qeyri-neft sektorundan yaxın gələcəkdə nə gözləyə bilərik?

- 2018-ci ildən sonra Azərbaycan Dövlət Neft şirkətinin qarşısında yeni imkanlar açılacaq. 2018-ci ildə Türkiyədə ADNŞ-nın yeni zavodu istifadəyə veriləcək. Bundan başqa,  2018-ci ildə Türkiyədə ADNŞ-nın 1000-ə yaxın topdan və pərakəndə neft məhsulları şəbəkəsi dövriyyədə olacaq. Hətta 2017-ci ildə Petkim limanı açılacaq. Ölkə daxilində korbalit zavodu, polimerlər zavodu istifadəyə veriləcək və bu da qeyri-neft sektoruna aiddir. Bütün bunlar gerçəkləşərsə, ADNŞ-nın 500 milyondan 1 milyarda qədər əlavə gəliri olacaq. Bayaq qeyd etdiyim 5 milyard ancaq hasilatın pay bölgüsündən əldə edilən gəlir idi. 2018-ci ildə isə ARDNŞ-ın qoyduğu kapitalın mənfəəti olacaq. Həmin vaxt qeyri-neft sektorunun gətirəbiləcəyi  mənfəət 1 milyarda çatacaq. Qeyri-neft sektoru bizim qarşımızda geniş imkanlar açır.

İzzətxanım Cabarlı
Toplum Tv