16:52, 29 Dekabr 2017 (Cümə) 1891

İlqar Məmmədovdan xəbər var: "Sənədlər verilmir"

Dekabrın 29-da həbsdə olan REAL sədri İlqar Məmədovun vəkili Fuad Ağayev media nümayəndələri ilə birgə 2 Saylı Cəzaçəkmə Müəssisəsinə gedib.

Vəkil Toplum.Tv-yə bildirib ki, həbsxana rəhbərliyi müvəkkili ilə görüşünə maneə yaradır. 

Həbsxana əməkdaşları jurnalistlərin də çəkiliş aparmasına mane olmağa çalışıb. 

Bundan sonra Fuad Ağayev İlqar Məmmədovla görüşə buraxılıb. 

O bildirib ki, görüşdə məqsəd Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) məktublarını İ.Məmmədova çatdırmaq olub.

"Həmin sənədlərin İlqar Məmmədova çatdırılmasına imkan verilmədi. Səbəbini soruşdum ki, niyə qoymursuz bu sənədləri verək? Cavabları bu oldu ki, həmin məktublar ingilis dilindədir. O, tərcümə ediləcək. Dedilər ki, bundan sonra sənədləri Azərbaycan dilində gətirim. Bunların sözündən belə çıxır ki, Avropa İnsan Haqları Məhkəməsinə, Avropa Şurası Nazirlər Komitəsinə "sənədi mənə görə Azərbaycan dilində hazırlayın" deməliyəm", - vəkil bildirib.

F.Ağayev baş verənləri İ.Məmmədova və özünə təzyiq kimi dəyərləndirib: "Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsindən Çıxarışın 83.2-ci maddəsinə görə, Cəzaçəkmə Müəssisində heç kim vəkili senzuradan keçirə bilməz".

Vəkilin sözlərinə görə, İ.Məmmədovun səhhəti ilə bağlı isə hər hansı şikayəti olmayıb.

İqrar Qurban 
Toplum.Tv