20:40, 15 Fevral 2018 (Cümə axşamı) 298

''İlin axırına qədər Azərbaycanda siyasi məhbus məsələsi qurtaracaq''

''İlin axırına qədər Azərbaycanda siyasi məhbus məsələsi qurtaracaq''
"Bu il elə ildir ki, həm qabaqda prezident seçkiləri gəlir, həm də Azərbaycan Cümhuriyyətinin yüzilliyidir. Onun üçün də yüz faiz əminik, bilirik ki, həm amnistiya, həm də əfv fərmanı olacaq”.

Bu sözləri "Turan”-ın "Çətin sual” proqramının qonağı olmuş Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

"Deyə bilmərəm, bu, Novruz bayramında olacaq. Novruz bayramında bir qisim adam azadlığa çıxacaq. Amma hesab edirəm ki, bu ilin axırına qədər həm əfv, həm də amnistiya ilə Azərbaycanda siyasi məhbus məsələsi qurtaracaq” – hüquq müdafiəçisi əlavə edib.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının "siyasi məhbus”, "vicdan məhbusu” kimi tanıdığı şəxslərin azad olunmasından danışan N.Cəfəroğlu deyib:

"Mən hesab edirəm ki, hakimiyyət bu şəxsləri həbs etməsəydi, daha yaxşı olardı. Bu gün onların heç biri bu hakimiyyətə heç bir zərər gətirə bilməz. Jurnalist yazı yazmalıdır, həmişə də yazacaq. İstəsələr də, istəməsələr də, jurnalist yazısını yazacaq. Həbsdə olan jurnalistlər də azad edildikdən sonra yenə yazacaqlar. Hakimiyyət bunu bilməlidir və razılaşmalıdır ki, jurnalist tənqid etməlidir. Əgər jurnalist təhqir edirsə, bununla razı deyiləm. Jurnalist təhqir edirsə, ailə işinə qarışırsa, onda jurnalisti məsuliyyətə cəlb etmək lazımdlır. Təhqir olmaz. Amma bizim birinci günahımız odur ki, jurnalistləri, blogerləri həbs edirik”.

Hüquq müdafiəçisi hesab edib ki, kadr dəyişikliyi insan haqları sahəsindədəki problemləri çözməyəcək:

"Hesab edirəm ki, kadr dəyişməklə heç nə həll olunmayacaq. Köklü islahatlar lazımdır. Məsələn, qeyri- hökumət təşkilatlarının qrant almasını məhdudlaşdırırlar. Praktiki olaraq, dövlət etmədiyi işləri QHT-lər və ya jurnalistlər edir. Məsələn, qanun qəbul edilir. Bu qanunun məğzini regionda əhaliyə çatdırmaq lazımdır. Siz qanun qəbul edirsiniz, bu qanunun yaxşı-pis tərəfini regionda insanlara çatdırmaq lazımdır. Bunu QHT-lər və jurnalistlər edir. Yəni, kadr dəyişməklə heç nə dəyişməyəcək. Köhnə sistemdir, islahatlar lazımdır”.

Hökumətlə hüquq-müdafiə təşkilatları arasında ünsiyyətin vacibliyindən danışan N.Cəfəroğlu deyib ki, hazırda tərəflər arasında dialoq var:

"Məsələn, Mehman müəllim (Turan agentliyinin direktoru Mehman Əliyev nəzərdə tutulur-red.) həbs ediləndə biz çox adamla görüşdük, çox adama məktubla müraciət etdik. Prezidentə, Birinci vitse-prezidentə məktub yazdıq, çox insanlarla görüşdük. Dialoq olmasaydı, Mehmanı azadlığa buraxmazdılar. Mehman elə insandır ki, hər tərəf onu qəbul edir. Onun üçün dialoq həmişə lazımdır. İstəsələr də, istəməsələr də, dialoqa getmək, hökumətlə danışmaq lazımdır.
Beynəlxalq təşkilatlar bəyanat verməklə daha çox qıcıq yaradırlar. Amma dialoqla hər şeyi həll etmək olar. Bir az da hökumətin addımı lazımdır, hökumət bizə tərəf addım atmalıdır. Hökumət qulaq asır. Çox məsələləri elə Daxili İşlər Nazirliyi ilə həll edirik. Ramil Usubovla (daxili işlər naziri) ünsiyyət qurmaq asandır. Çox məsələlərdə, sadə insanların məsələlərində biz Ramil Usubovun yanına gedib həll edirik. Ya da Baş prokuror Zakir Qaralovun komandası ilə, Rüstəm Usubovla (Baş prokurorun birinci müavini-red.) çox məsələləri həll edirik. Bunlar vacibdir və lazımdır. Birinci dəfə Leyla Yunus tutulanda Rüstəm Usubovla onun yerinin dəyişdirilməsi, Xədicə İsmayıla qarşı təzyiqləri, bunların hamısını prokurorluqla danışıb nəsə həll etmişik. Hüquq müdafiəçiləri çalışırlar dialoqdan istifadə etsinlər”.

Hüquq müdafiəçisi rəhbərlik etdiyi təşkilatın vəziyyətindən də danışıb:

"Öz təşkilatımızın durumu indi çox pisdir. Həm QHT-lərə qrantlara məhdudiyyətlərin tətibiqi, həm də qanunvericiliklə bağlı çətinliklər var. Regionlara getmək çətindir. Bizə məhkəmələrdə ictimai vəkil kimi çıxış etməyə də məhdudiyyət qoyublar. İndi vəkil tutmaq imkanı olmayan kasıb insanların hüquqlarını müdafiə edə bilmirik. Biz ölkənin bütün regionlarına gedirdik. Vəkil tutmağa imkanı olmayan insanların hüquqlarını müdafiə edirdik. Bu gün o imkan əlimizdən alınıb. Ədliyyə Nazirliyinə məktubla müraciət etmişik. Görək, nə cavab verəcəklər”.