16:32, 11 Yanvar 2017 (Çərşənbə) 67

"İlham Xəlilov yəqin ki, başqalarından pul alıb" - Akif Çovdarov

Yanvarın 11--də Sabunçu rayon Məhkəməsində MTN idarə rəisi Akif Çovdarov və digərlərinin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdi iclasda zərərçəkmiş şəxs qismində Biləcəri bələdiyyəsinin keçmiş sədri İlham Xəlilov və Binəqədi qəsəbə bələdiyyəsinin keçmiş sədri Elman Salmanov ifadə verib.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında deyib ki, İlham Xəlilov məhkəmədə ziddiyyətli ifadələr verib: "Əvvəlcə deyirdi ki, Binəqədi bələdiyyəsinin sədri Elman Salmanova zəng edərək MTN-dən pul istənildiyini deyib. Amma məhkəmədə deyir ki, Elman da ona zəng edərək MTN-ə çağırıldığını, pul istənildiyini deyib. İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini dedi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. İlham Xəlilov deyir ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Akif Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. İlham Xəlilov istintaqda Akif Çovdarov tərəfindən hədələndiyini, pul tələb edildiyini deyirdi. Amma məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini deyib. Digər bələdiyyə sədri Elman Salamanov da məhkəmədə İlham Xəlilovu təkzib etdi. Elman dedi ki, ilham Xəlilov ona deyib ki, əgər 150 mini verməsə, onun başına torba keçirəcəklər".

Elman Salmanov isə jurnalistlərə açıqlamasında bildirib ki, İlham Xəlilov ona MTN-dən pul istənildiyini deyib və buna görə, o, İlham Xəlilova 150 min manat verib:

"Bir maşınımız var idi - "Range Rover", onu da satıb pulunu verdik".

Prosesdə çıxış edən Akif Çovdarov isə İlham Xəlilovun onun adından yalan danışaraq kimlərdənsə pul aldığını deyib:

"Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım. İlham Xəlilov yəqin ki, başqalarından pul alıb. Mənim adımdan da istifadə edib".

Proses davam edir.

İttiham aktına əsasən, İ.Xəlilov istintaq zamanı bildirib ki 2008-ci ilin martında tanışı Adil Yaqubov ona A.Çovdarovun yanına getmək barədə xəbər çatdırıb.

Cinayət işində göstərilib ki, A.Yaqubov A.Çovdarov MTN-ə gəlməmişdən əvvək polisdə onunla bir yerdə işləyib, sonradan isə pensiyaya çıxıb. Onun sonuncu işi isə A.Çovdarovun Masazırdakı istixanasını idarə etmək olub. O, 2010-cu ildən A.Çovdarovun həyat yoldaşı İbadət Çovdarovaya məxsus "Bəhrə-2010" MMC-nin direktoru vəzifəsində çalır.

Bələdiyyə sədri İ.Xəlilov deyir ki, A.Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına gedərək A.Çovdarovla görüşüb. Onun sözlərinə görə, qısa danışıqdan sonra ondan 100 min istənilib. Binəqədi bələdiyyəsinin sədri Elman Salmanovdan isə 150 min gətirməsi tələb olunub. A.Çovdarov bu ismarıcın E.Salmanova onun çatdırmasını tapşırıb.

A.Çovdarovun göstərişini alan E.Salmanov cəmi 90 min manat, İ.Xəlilov isə 50 min manat düzəldə biliblər. İ.Xəlilov həmin pulu götürüb, Rəsulzadə-Biləcəri yolunda A.Çovdarovun göndərdiyi adamlara verib. Qalan 110 min manatı isə 1 ay sonra A.Yaqubova çatdırıblar.

İ.Xəlilov ifadəsində göstərib ki, 2014-cü ilin sonlarında A.Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, "Zəli gölü"nün yaxınlığında 10 hektar torpaq sahəsini A.Yaqubovun adına sənədləşdirsin.

Bunlardan əlavə, ondan 120 min də tələb oluduğunu deyən bələdiyyə sədri A.Çovdarovdan "Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib "podval"a ataram" - deyə təhdidlər də eşitdiyini söyləyib.