14:25, 12 İyun 2018 (Çərşənbə axşamı) 278

İlham Əliyev TANAP-ın açılışına gedib

İlham Əliyev TANAP-ın açılışına gedib
Azərbaycan prezidenti İlham Əliyev iyunun 12-də Türkiyəyə gedib. O, Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsinin açılış mərasimində iştirak edəcək.

AZƏRTAC-ın xəbərinə görə, Əskişəhər şəhərinin Hasan Polatkan hava limanında dövlət başçısını Türkiyənin meşə və su məsələləri naziri Veysel Eroğlu qarşılayıb.

TANAP-ın açılış mərasimində layihənin iştirakçı dövlətləri ilə yanaşı, Türkiyəyə dost ölkələrdən dövlət və hökumət başçıları, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri qatılmalıdır.

TANAP Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin bir hissəsidir.

Cənub Qaz Dəhlizinin ümumi dəyəri 40 mlrd. avro qiymətləndirilir. TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Onun Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılmasından ötrü TAP-a (Trans-Adriatik Qaz Kəməri) birləşməsi planlaşdırılır.

Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz boru vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya çatdırılacaq. Kəmərin uzunluğu 3 min 500 kilometrdir.

Layihə 2020-ci ildə tam işə düşməlidir. Bu il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinə ilk qazın vurulması mərasimi keçirilmişdi.