18:30, 20 Avqust 2018 (Bazar ertəsi) 192

İlham Əliyev Azərbaycan xalqını təbrik edib

İlham Əliyev Azərbaycan xalqını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Təbrikdə deyilir: 

"Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir.

Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər.

Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir.

İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir.

Əziz bacı və qardaşlarım!

Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!".