11:37, 08 Aprel 2018 (Bazar) 407

IDI-nin araşdırması: "Statistika Komitəsi 71934, Təhsil Nazirliyi isə 65482 nəfər göstərir"

IDI-nin araşdırması:
"Regionlarda uşaqların valideynləri övladlarına təhsil verəcək müəssisə tapmırlar". 

Demokratik Təşəbbüslər İnstitutu (IDI) "Azərbaycanda inklüziv təhsilin vəziyyəti haqqında"  araşdırma sənədi yayıb. 

Sənəddə Azərbaycanda imkanları məhdud olan uşaqların inklüziv təhsillə təmin edilməsi ilə bağlı ciddi problemlər əksini tapıb. 

Araşdırmada vurğulanır ki, dövlətin rəsmi hesabatlarında müavinət alan, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların sayı fərqlidir. Belə ki, Dövlət Statistika Komitəsi 2017-ci ilin əvvəlində belə uşaqların sayını 71934, Təhsil Nazirliyi isə 65482 nəfər göstərir. 

"2005-2009-cu illərdə 268 nəfər, 2015-2017-ci illərdə isə 40 nəfər şagird pilot məktəblərdə eksperimental siniflərdə inklüziv təhsilə cəlb edilib. Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər) çərçivəsində beynəlxalq və yerli qeyri-hökumət təşkilatların dəstəyi ilə 3 pilot layihə həyata keçirilib ki, bu çərçivədə 2004-2005-ci tədris ilində ölkə üzrə 14 ümumtəhsil, 13 məktəbəqədər təhsil müəssisəsində inklüziv təhsil tətbiq olunub", - sənəddə vurğulanır.

Sənəddə qeyd olunur ki, sağlamlıq imkanları məhdud uşaqların 77 faizi nəinki inklüziv təhsilə, ümumiyyətlə, təhsilə cəlb olunmayıb. Bu, həmin uşaqların təhsil hüququnun birbaşa pozulmasıdır və buna cavabdeh olan müvafiq qurumların problemin səbəbləri və həlli yolları barədə hesabatlılığı çox önəmlidir: "Ölkəmizdə inklüziv təhsilin tətbiq olunduğu təhsil müəssisələri uşaqların sayına nisbətdə azdır. Regionlarda belə uşaqların valideynləri övladlarına təhsil verəcək müəssisə tapmırlar. Odur ki, evdə təhsili seçirlər. Buna isə məsuliyyətsiz yanaşıldığını bildirirlər. Bu uşaqlar üçün xüsusi proqram, dərslik, qiymətləndirmə metodları da yoxdur".

Araşdırma müəllifləri bildirirlər ki, Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların əsas ehtiyaclarının ödənilməsi və cəmiyyətə inteqrasiyası valideynlərin üzərinə düşür. Halbuki bu sahədə qanunvericiliyə görə, əsas işi dövlət görməlidir: "Türkiyə Təhsil Nazirliyi və onun yerli şöbələri 2006-cı ildə qəbul edilmiş Xüsusi Təhsil Xidmətlərinə dair qanuna əsasən, doğulduğu andan əlillik dərəcəsi olduğu müəyyən edildiyi təqdirdə, uşağı qarşıdakı 6 il ərzində izləyir, uşağı ona uyğun təhsil proqramı ilə təmin olunması üçün çalışır. Burada da əsas məqsəd şagirdi inklüziv təhsil ilə təmin etməkdir ki, bunun üçün də mümkün olduğu qədər bu qəbildən olan şagirdlərin sağlamlıq problemi olmayan həmyaşıdlarıyla təhsil alması üçün işlər görülür".

IDI-nin araşdırmaçıları qeyd edirlər ki, Bakı üzrə 2015-2016-cı tədris ilində cəmi iki eksperimental məktəb (220 və 138 nömrəli), 2016-2017-ci tədris ilindən isə iki məktəb (252 və 202 nömrəli) seçilib: "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində Bakı şəhəri üzrə 2015-2017-ci illər ərzində 40 nəfər sağlamlıq imkanları məhdud uşaq inklüziv təhsil cəlb olunub. Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin əvvəlində müavinət alan, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların sayı 71934 nəfərdir. 2016-2017-ci tədris ilinin əvvəlində xüsusi məktəblərdə və internat məktəblərində, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təşkil edilmiş siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayı 6377-dir. Həmin məlumata əsasən onlardan 3237-si xüsusi məktəbdə, 2612-si xüsusi internat məktəblərində,  528-i ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün siniflərdə təhsil alıb.

Təhsil Nazirliyinin məlumatında isə ölkə ərazisində sağlamlıq imkanları məhdud 65482 uşaq olduğu göstərilir: " 9355-i evdə, 2558-i uşaq xüsusi məktəblərində, 2725-i isə xüsusi internat məktəblərində təhsilə cəlb olunub".

IDI hesab edir ki, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı ilk narahatlıq doğuran məqam qanunvericilik bazasının yetərsizliyidir. 

Qurumun araşdırmasına görə, bütövlükdə inklüziv təhsillə bağlı qanunun olmaması onu göstərir ki, dövlətin bu sahəyə kompleks baxışı yoxdur: "2005-2009-cu il İnkşaf Proqramında qarşıya qoyulmuş ən önəmli məqsədlərdən biri olan sağlamlıq imkanları məhdud uşaqlarla bağlı vahid bazanın yaradılması təəssüf ki, yerinə yetirilməyib. Dünya praktikasında sağlamlıq imkanları məhdud uşaqların sağlamlıq problemləri erkən aşkar edilir, onlarla davamlı əlaqə saxlanılır. Daha sonra məktəb dövründə hər bir uşağın öz probleminə uyğun məktəbdə təhsil alması təmin edilir. Bu isə uşaqların öz bilik və bacarıqlarını daha yaxşı inkşaf etdirməyə şərait yaradır.

Azərbaycanda isə inklüziv təhsil bir tərəfə, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı məktəbəqədər dövrdə görülən işlər çox azdır. Bu isə sonrakı dövrdə dövlət orqanlarının sağlamlıq imkanları məhdud uşaqları təsnifatlaşdırmasının qarşısını alır".

Araşdırmada inklüziv təhsillə bağlı tövsiyələrə də yer ayırılıb. Belə ki, araşdırma müəllifləri inklüziv təhsil sahəsində durumun ölkə qanunvericiliyi və beynəlxalq standartlara uyğun səviyyədə təşkili üçün bəzi məqamları vacib hesab edirlər. 

Həmin məqamlar əsasən də inklüziv təhsil üzrə qanunvericilik, əlilliyin sosial modelini təsbit edən hüquqi baza yaradılmalı və intensiv fəaliyyət planı hazırlanması, təhsilə cəlb olunmuş və təhsildən kənarda qalan sağlamlıq imkanları məhdud uşaqları müəyyən edə bilmək üçün vahid məlumat bazası yaradılması, onların sağlamlıq və reabilitasiya, təhsil inkişafı müvafiq qaydada izlənilməli, zaman keçdikcə proqramın uşağa uyğun olmadığı müəyyən edilərsə, müdaxilə edilməsi və s. ilə bağlıdır. 

Araşdırma sənədinin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz: IDI-AS-06042018
 
Pərvanə Qurbanlı