20:25, 18 Aprel 2018 (Çərşənbə) 202

IDI: "Mülkiyyət hüquqlarının təminatı sahəsində ciddi problemlər mövcuddur"

IDI:
Demokratik Təşəbbüslər İnstitutu "Azərbaycanda Daşınmaz Əmlakın Qeydiyyatı Problemləri” adlı araşdırma sənədi yayıb.

"Azərbaycanda mülkiyyət hüququnun konstitusion səviyyə ilə yanaşı, beynəlxalq hüquq normaları ilə də təminat altına alınmasına baxmayaraq, bu sahədə ciddi problemlər var. Bununla belə, ölkədə daşınmaz əmlaka mülkiyyət hüquqlarının təminatı sahəsində ciddi problemlər mövcuddur”. 

Bu fikirlər Demokratik Təşəbbüslər İnstitutunun "Azərbaycanda Daşınmaz Əmlakın Qeydiyyatı Problemləri” adlı araşdırma sənədində əksini tapıb. 

Sənəddə qanunvericilikdəki qüsurlar və özbaşına tikinti problemləri də öz əksini tapıb. Onlar hesab edirlər ki, daşınmaz əmlakla bağlı aparılan siyasət qanunuyğun olmayıb və konkret olaraq, Azərbaycan Kоnstitusiyаsının 29-cu mаddəsi dəfələrlə pozulub. 

Araşdırmada qeyd olunur ki, problemlər ümumrespublika xarakteri daşıdığına görə, məhkəmə qərarlarının monitorinqi aparılıb: "Müvafiq icra və məhkəmə orqanlarına statistik və informativ məlumatlar əldə etmək üçün sorğular ünvanlanıb".

Sənəd müəllifləri hesab edirlər ki, informasiya sorğusundan onlara verilən cavablar tam mahiyyəti üzrə qaneedici xarakter daşımayıb.

Sənəddə həmçinin bir sıra məlumatlandırcı xarakter daşıyan bilgilər öz əksini tapıb. Belə ki, daşınmaz əmlaka aid olan hüquqların qeydiyyatı üçün sənədlər, onların əldə edilməsi müddətləri və s. haqqında dolğun informasiya verilib.

Azərbaycanda özbaşına tikintilərin meydana gəlmə səbəbləri də qeyd edilib.

Müəlliflər həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci 13 yanvar və 15 oktyabr tarixli fərmanlarını, habelə beynəlxalq qanunvericiliyin tələblərini araşdırmaya əlavə edərək müqayisəli təhillər aparıblar. 

Sənəddə bildirilir ki, daşınmaz əmlakın alqı-satqısı və digər əməliyyatlarla notariat kontorları tərəfindən təsdiq olunması zamanı da pozuntular baş verib. Belə ki, daşınmaz əmlakın alqı-satqısı və digər əməliyyatlarla bağlı notariat hərəkətlərinin aparıldığı yerlərdə göstərilən pullu xidmətlər üçün tariflər təsnif olunsa da, bu aydın deyil. Habelə, prosedurlar da dəqiq göstərilməyib.

Araşdırmalar nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çoxsaylı problemlər ortaya çıxıb. Sənəddə qeyd olunub ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış şəxslərin mülkiyyət hüquqları bu və ya digər dərəcədə daxili qanunvericiliklə təminat altına alınıb, lakin mülkiyyətində olan əmlakı sənədləşdirilməmiş şəxslər bu cür təminatdan tamamilə məhrumdurlar. 

Sənəd müəllifləri həmin problemləri aşağıdakı kimi təsnifatlandırıblar: 

1. Hüquqların qeydiyyatı və arayışların verilməsi üçün müəyyən olunan müddətlər uzunluğu və çox vaxt aparması,
2. Vahid məlumat bazasının olmaması.
3. Faktiki mülkiyyətdə olan əmlaka hüquqların tanınması ilə bağlı olan problemlər. Tikililərin müvafiq dövlət komissiyası tərəfindən qəbul olunmayanadək Reyesterə daxil edilməsi. 
4. Kəmərlərin keçdiyi yüklü torpaq sahələrinin mühafizə zonaları müəyyən edilməməsi. 
5. Torpaq sahələrinin dəqiq hüdudlarının bəlli olmaması..
6. Mülkiyyətçilərin daşınmaz əmlaka dair reyestr və kadastr məlumatlarına çıxışının təmin olunmaması.
7. Daşınmaz əmlakın alqı-satqısı və digər əməliyyatlarla notariat kontorları tərəfindən təsdiq olunması.
8. Bürokratik əngəllər və süründürməçilik.
9. Reyestrlə bağlı bütün problemlərin yeganə həlli yolunun məhkəmələrdən keçməsi.
10. İnsanların məlumatsızlığı və s.

Araşdırmalar nəticəsində problemin qanuni aspekti ilə yanaşı, bəzi praktiki maneələr səbəbindən yaranması faktları da müəyyən edilib: "Bürokratik əngəllərin mövcud olması, "bir pəncərə” sisteminin mövcud olmaması, elektron xidmətlərin kifayət qədər effektiv işləməməsi və s. kimi məsələlər bu cür praktiki maneələrə misal göstərilə bilər". 

Sənədin sonunda müəlliflər tövsiyə xarakterli qeydlər də ediblər: "Daşınmaz Əmlakın Dövlət Reyesterin  fəaliyyəti ilə bağlı mütəmadi olaraq (ildə bir dəfədən az olmamaq şərti ilə) rəy sorğuları keçirilməli, rəy sorğusunun keçirilməsinə ekspert-mütəxəssislər, KİV, QHT və vətəndaş cəmiyyəti institutları nümayəndələri cəlb edilməlidir". 
 
Sənədin tam mətnini bu linkdən əldə edə bilərsiniz: IDI-AS-18042018

Gülzar N. Məmmədli
Toplum TV