18:26, 08 Oktyabr 2018 (Bazar ertəsi) 883

Hüquqşünas:"Bu, birbaşa cinayət məsuliyyəti yaradır”

Hüquqşünas:
Azərbaycanda sosial şəbəkələrdə açılan bəzi hesablarda açıq-aşkar pedofiliya (uşaqbazlıq) təbliğ olunur.  

Bu məqsədlə açılan hesablarda azyaşlı uşaqların şəkilləri paylaşılır,  rəylərdə isə uşaqlara qarşı cinsi maraq yaradacaq ifadələr öz əksini tapır.

Pedofiliya uşaqlara qarşı cinsi duyğular bəslənməsinə səbəb olan zehni xəstəlik kimi qəbul olunur.

Hər il bir çox uşaq bu səbəbdən təcavüzə məruz qalır. 

Bəs sosial şəbəkələrdə bu cür hesabların açılmasının qarşısı necə alınmalıdır, ekspertlər bu barədə nə düşünür?

"Mən şəxsən belə şeylərlə rastlaşmamışam ki, bizim uşaqların şəkli paylaşılsın”
 

Uşaq Birliyinin sədri Kəmalə Ağazadə Toplum.Tv-yə deyib ki, sosial şəbəkələrdə uşaqlarla bağlı paylaşımların çoxu xeyriyyə məqsədlidir, əksi olduqda hər bir şəxsin şikayət etməyə haqqı var: "Təcavüzə məruz qalan uşağın şəklini paylaşmaq özü cinayətdir. Hətta biz qəyyumluğa götürdüyümüz uşaqların şəkillərini paylaşdıqda onun haqqında heç bir məlumat yazmırıq. Mən şəxsən belə şeylərlə rastlaşmamışam ki, bizim uşaqların şəkli paylaşılsın, haqqında nələrsə yazılsın. Daha çox uşaqların şəkilləri yardım kampaniyaları çərçivəsində  paylaşılır. Əlbəttə ki, o da valideynlərinin razılığı ilə olmalıdır. Mən sosial şəbəkələrdə pedofilyanın təbliğ olunmasına qarşıyam. Hər bir şəxsin də haqqı var ki, belə bir hadisənin şahidi olduqda şikayət eləsin”.

"Belə hesabların birbaşa Azərbaycandan işlədildiyini öyrənmək çətindir”

Media Hüququ üzrə eksper Ələsgər Məmmədli deyir ki, sosial şəbəkələrdə belə səhifələri şikayət etdikdə, səhifə bloklanır. Həmçinin bununla bağlı Azərbaycanın mövcud qanunvericiliyində maddələr var, hər bir şəxs  belə bir hadisə aşkarladıqda prokurorluğa müraciət edə bilər:
 
"Hər bir sosial şəbəkədə müəyyən istifadə şərtləri var. Bütün istifadəçilər də bu şərtlərlə razılaşaraq, qeydiyyatdan keçirlər. Eyni zamanda hər bir sosial şəbəkədə azyaşlıların istismarı qadağandır. Bu baxımdan belə profillər aşkarlandıqda dərhal şikayət olunmalıdır. Bir neçə şikayət daxil olduqda profil bağlanır) sonluğu "com” ilə bitən domenlərin birbaşa Azərbaycandan işlədildiyini  öyrənmək bir az çətin prosedurdur. Əgər yerli mobil nömrə ilə qeydiyyatdan keçibsə, istifadıçini tapmaq daha asan ola bilər. Azərbaycanda mövcud qanunvericilikdə maddələr var, eyni zaman da pornoqrafiya ilə bağlı qadağan olunmuş məqamlar var. Belə bir hadisə aşkarlandıqda istənilən şəxs prokrorluğa müraciət edə bilər”.
 
"Şəkillər məhz seks təklifi prizmadından yayılıbsa, bu, birbaşa cinayət məsuliyyəti yaradır” 
 
Hüquqşünas Xalıd Bağırov isə deyir ki, şəkillər yalnız seks təklifi prizmadından yayılıbsa, bu, birbaşa cinayət məsuliyyəti yaradır: "Yəni ata uşağının çılpaq şəklini öz profilində məqsədi pornoqrafiya olmadan paylaşırsa, bu, cinayət məsuliyyəti yaratmır. Lakin uşaqların pornoqrafik məqsədlə təbliğatı da, insan alveri məqsədi ilə istifadəsi də cinayət məsuliyyəti yaradır”.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, bu mövzuya onlar yox, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyi baxır.

Əminə Məmmədova
Toplum.Tv