20:32, 24 May 2018 (Cümə axşamı) 283

Hüquqşünas polis bölməsinə aparılıb

Hüquqşünas polis bölməsinə aparılıb
Mayın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev "Xəmsə" şadlıq evinin sahibi Mürvət Həsənovun iddiası əsasında hüquqşünas Aslan İsmayılov təqsirləndirilən şəxs qismində tanınıb. 

"Azadlıq Radiosu"nun verdiyi xəbərə görə, Aslan İsmayılov məhkəməyə məcburi gətirilib. Polislər hüquqşünasın ofisinə gələrək, onu məcburi şəkildə məhkəməyə aparıblar.

M.Həsənov Aslan İsmayılovun CM-nin 147-ci (təhqir) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

İddia ərizəsində yazıb ki, Aslan İsmayılov "Facebook" sosial şəbəkəsində onu "dələduz" adlandırmaqla təhqir edib, işgüzar nüfuzuna zərbə vurub.

Hüquqşünas da məhkəmədə etiraf edib ki, Mürvət Həsənli haqqında "dələduz" ifadəsini işlədib: "Demişəm, bu gün də deyirəm, çünki buna əsasım var. Əlimdə bu adamın dələduz olduğunu təsdiqləyən sübutlar, özünün imzaladığı sənədlər var”.

Aslan İsmayılov həmin sənədləri məhkəməyə təqdim edib.

Mürvət Həsənli ilə hüquqşünas arasında qalmaqal türkiyəli işadamı Ömür Orala görə yaranıb.

Aslan İsmayılov türkiyəli biznesmenin hüquqlarını müdafiə edir. İddia olunur ki, Mürvət Həsənlinin ona 1 milyon 300 min manat borcu var və qaytarmır: "Bu məsələ ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılanda Mürvət Həsənli özü etiraf edib ki, 1milyon 300 min borcu var və bir ay ərzində qaytaracaq. Orada havadarlarının köməyilə işə xitam verilsə də, borc qaytarılmadı. Əksinə, hüquqlarını müdafiə etdiyim şəxsi, mənim özümü təqib eləməyə başladı. Bizim şikayətimizdən sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi onu həbs eləyib, üç gün saxladı. Sonradan müstəntiq bizi çağırdı, bildirdi ki, Mürvət Həsənli elə həmin gün 50 min dollar, ertəsi gün də 300 min ödəmək öhdəliyi götürür, qalan pulu da bir həftəyə qaytaracaq. Razılaşdıq, orada bu barədə akt tərtib olundu. Onu buraxdılar, amma yenə də ödəmədi”.

Hüquqşünas məhkəməyə həmin aktı da təqdim edib.

İddiaçı Mürvət Həsənli bildirib ki, türk işadamı ilə onun arasındakı məsələnin Aslan İsmayılova aidiyyəti yoxdur və onu "dələduz” adlandırmağa haqq qazandıra bilməz.

Daha sonra Aslan İsmayılovun təqsirləndirilən şəxs qismində cəlb olunması məsələsinə baxılıb. Hüquqşünasın etirazına baxmayaraq, o, təqsirləndirilən şəxs qismində tanınıb.

Məhkəmə baxışı mayın 31-nə təyin olunub.
 
"azadliq.org"