12:58, 21 İyul 2018 (Şənbə) 754

Hüquqşünas: "Məhbusların müalicəsi dövlətin öhdəliyindədir"

Hüquqşünas:
Son zamanlar mətbuatda siyasi məhbus kimi tanınan şəxslərin səhhətindəki problemlərlə bağlı xəbərlər yayılır.

Məlumata görə, AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim gözündən əməliyyat olunmalıdır.   

Bloqer Mehman Hüseynovun anası Firəngiz Hüseynova isə hazırda reanimasiyadadır və vəziyyəti ağırdır. Ancaq Mehman Hüseynova anasını görmək üçün şərait yaradılmır.

Məmməd İbrahimin oğlu Turan İbrahimin ToplumTv-yə bildirdiyinə görə, atasının gözündə təxminən 1 ay əvvəl problem yaranıb, ancaq bu məsələ ilə bağlı tədbir 1 həftə əvvəl görülüb. 

Məmməd İbrahim
 
"Daha əvvəl həkimlər Penitensiar xidmətə gediblər, ancaq oranın əməkdaşları deyiblər ki, mütəxəssislər orada olmalıdır. Mütəxəssislər isə 1 həftə əvvəl dəvət olunublar. Mütəxəssislərin sözlərinə görə, Məmməd İbrahim təcili əməliyyat olunmalıdır", - T. İbrahim bildirib.  

Turan İbrahim
 
Bu məsələ ilə bağlı Məmməd İbrahimim ailəsi Tibb baş idarəsinə müraciət edib. Oradan isə onları Ədliyyə Nazirliyinə yönləndiriblər. Hazırda cavab gözləyirlər. Daha sonra bu məsələ ilə bağlı Ombudsmana müraciət ediblər. Ombudsman Aparatının sözlərinə görə, onlar 20 iyul tarixində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət ediblər.

2017-ci il mart ayının 3-dən etibarən həbsdə olan Mehman Hüseynovun anası Firəngiz Hüseynovanın səhhətinin ağır olduğu deyilir. 

Hazırda həbsdə olan Mehman Hüseynovun anasının yanına buraxılmaması ilə bağlı Ombudsman Aparatından ətraflı məlumat almaq mümkün olmayıb. Amma qurumdan bildiriblər ki, hər iki məsələ araşdırılacaq.

Hüquqşünas Xalid Bağırov Toplum.Tv-yə deyib ki, həbs olunan şəxslər birbaşa dövlətin nəzarətindədir və onların müalicəsi dövlətin öhdəliyindədir: "Avropa məhkəməsi müəyyən edib ki, məhbusların sağlamlığına kifayət qədər diqqətin ayrılmaması Konvensiyanın 3-cü maddəsinin pozuntusudur".

X. Bağırov həmçinin bildirib ki, həbs olunan şəxslər sadəcə azadlıqdan məhrum olunmalıdırlar, geriyə qalan bütün insan hüqaqları isə qorunmalıdır.

Humay Hacılı
Toplum.TV