12:40, 05 Dekabr 2018 (Çərşənbə) 104

Hüquqi şəxslərin dövlət qeydiyyatında yeniliklər

Hüquqi şəxslərin dövlət qeydiyyatında yeniliklər
Prezident İlham Əliyev "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklikləri imzalayıb.

Novator.az bildirir ki, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciət qaydası yenilənib. Dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına verilən ərizəni təsisçi (bir neçə təsisçi olduqda isə bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs imzalamalı və notariat qaydasında təsdiqlətməlidir.

Ərizədə bunlar göstərilir: təsisçi (təsisçilər) fiziki şəxs olduqda – onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; təsisçi (təsisçilər) hüquqi şəxs olduqda – onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; ərizəni səlahiyyətli şəxs imzaladıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar; müvafiq icra hakimiyyəti orqanında təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar.

Ərizəyə hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd, qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də əlavə olunmalıdır.

Başqa bir yeniliyə əsasən, elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda ərizəni həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir.