20:54, 22 Noyabr 2017 (Çərşənbə) 46

Hüquq müdafiəçiləri Azərbaycana qarşı sanksiya istəyib

Hüquq müdafiəçiləri Azərbaycana qarşı sanksiya istəyib
Noyabrın 22-si "Şərq Tərəfdaşlığı"nın beşinci sammiti ərəfəsində Brüssel mətbuat mərkəzində Azərbaycanda insan hüquqlarının pozulması problemlərinə həsr olunan brifinq keçirilib.

"Azadlıq Radiosu"nun xəbərinə görə, auditoriya qarşısında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru Emin Hüseynov və Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus çıxış ediblər.

Hüquq müdafiəçiləri son vaxtlar ölkədə insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşdiyini, vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin, bloqqerlərin, dindarların təqib edildiyini bildiriblər.

Onların sözlərinə görə, həbsxana divarları arasında da təzyiqə son qoyulmur, həbs olunanların bir çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalır.

Vurğulanıb ki, Avropa Şurası, Avropa Birliyi institutları Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə biganə qalmamalıdırlar.

Hüquq müdafiəçiləri həmçinin, Avropa Birliyi ölkələrini Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.