14:57, 27 May 2018 (Bazar) 282

Hökumətdən gözləntilər və rəqəmlər

Hökumətdən gözləntilər və rəqəmlər
"Pambıqçılıq zərərlə işləyir"

Ekspert: "Əks halda, büdcə işçilərini zorla sahələrdə işlətməzdilər...”

"Pambıq əkini hər il artır. 2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin analoji dövrünə nisbətən 33 min 373 hektar çox idi. 2017-ci ildə isə 136 min 413,2 hektar pambıq əkilmişdi”. 

Bunu Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Toplum.Tv-yə deyir.

Bəs pambıq gəlirləri də artırmı? Azərbaycan, onun kəndlisi bundan qazanırmı? 

Vahid Məhərrəmli deyir ki, "bazar iqtisadiyyatı şəraitində pambıqçılıqda əsas göstərici nə əkin sahəsinin həcmidir, nə də əldə olunan məhsulun miqdarıdır, əsas məhsuldarlıqdır. Əgər məhsuldarlıq yüksəkdirsə, məhsul rəqabət qabiliyyətlidir, əks halda məhsulun maya dəyəri yüksək olur və bu keyfiyyətə də təsir edir”

Ötən il əksər fermerlər ziyana düşüblər 

Ekspert bildirir ki, son 3 ildə məhsuldarlığın ciddi şəkildə enməsi nəticəsində 19 sentdən 15 sentə düşdü: "İstehsal xərci hər hektar üçün 830 manat təşkil edib. Bizim apardığımız hesablamalar göstərdi ki, əksər pambıqçılar ili zərərlə başa vurublar.  Fermerlər orta hesabla hər hektardan 75 manat zərərə məruz qalıblar. Bu da ümumi ölkə üzrə 10 milyon manatdan çoxdur”.

Bəs bu sahədə nə qədər işçi, muzdlu çalışır və onlar nə qazanırlar? 

İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, hazırda pambıq əkinlərinin əsas hissəsi dövlət və bələdiyyə mülkiyyətində olan iriölçülü örüş, biçənək torpaqlarında həyata keçirilir: "Yəni 100 min hektarın əkilməsini ən yaxşı halda 10-15 min nəfər həyata keçirir. Qaldı muzdla işləyənlər – 100 min hektarda 170-180 min nəfər necə işləyə bilər? Bu sahə ilə əlaqəsi olanlar bilir ki, pambıqçılıqda işçi əməyi ən yaxşı halda suvarma və yığım mərhələsində gərək olur. Ötən ilin təcrübəsi göstərdi ki, 1 hektar sahədən yığılan pambığın təxminən 2/3-sini texnika rahatlıqla yığır, sahələrdə qalan 1/3 hissə üçün əl əməyi tələb oluna bilər. Bir sözlə, suvarma və yığımda tələb olunan işçi qüvvəsi xərci 1 hektara ən yaxşı halda 300-400 manat təşkil edə bilər”.

Ekspert bildirir ki, 1 hektar pambıq sahəsində 2 nəfər becərmə ilə məşğul olsa, onların hər biri orta hesabla maksimum 200 manat zəhmət haqqı qazansa belə, bu yeni iş yerləri ilə bağlı gözləntiləri doğrultmur. 

"İşçi əməyi pambıqçılıqda maksimum 2-3 ay fəal şəkildə gərək olur. Lap hesab edək ki, bir nəfər bu müddətdə maksimum 500-600 manat qazandı, bəs ilin qalan ayları necə olsun? Beynəlxalq Əmək Təşkilatının metodologiyasından çıxış etsək, normal iş yeri odur ki, insana ilin ən azı 11 ayı işləmək və qazanc əldə etmək imkanı təmin edir", - R. Ağayev bildirib.

Pambıq əkinlərinin artmasının heyvandarlığa real təsiri

"Maya dəyərin yüksək olması onu göstərir ki, məhsul baha başa gəlir. Belə olan halda bu sahə ilə məşğul olanların sayı azalır, baxmayaraq ki, məhsul istehsalı 36 min tondan 207min tona qədər artıb. Amma bu sahədən  gələn gəlir bir o qədər də çox deyil, əksər fermerlər hətta zərərə düşürlər. Məhsulun artımı sadəcə  örüş, əkin sahələrinin azalması hesabına başa gəlir, xüsusən də yonca sahəsinin azalması sayəsində. Bu da özünün mənfi təsirini heyvandarlığa göstərdi”, -  V. Məhərrəmli deyir.

Vahid Məhərrəmlinin sözlərinə görə, yanvar ayından iri heyvan idxalı 3 dəfə artıb ölkəyə ət idxalı 58 faizdən çox, kəsim üçün gətirilən diri heyvanların sayı və süd idxalı da 2 dəfə çox artıb Üstəlik, rayonlarda taxıl sahəsinin pambıq sahəsi ilə əvəz olunması taxılçılıqda da keçən il 150 min ton azalmaya səbəb oldu. 

Mütəxəssis hesab edir ki, pambıqçılığı inkişaf etdirmək üçün gərək dövlət yox, fermerlər məşğul olsun. Hansı rayonlarda həqiqətən də məhsuldarlıq yüksəkdir, orada rəabətqabiliyyətli məhsul istehsal etmək olar. Qoy az olsun , amma həm keyfiyyət, həm də məhsuldarlıq yüksək olsun. Əsas odur ki, bu sahənin emalı, ixracı ilə məşğul olan sahibkarlar əldə etdikləri gəliri kəndli ilə bölüşsün.

Kəndlilər çəkdiyi əziyyətin qarşılığını almadığı üçün bu sahədən yayınır

Vahid Məhərrəmli ödənişlə bağlı problemin olduğunu deyir: "İranda, Türkiyədə hər kq üçün 90 sent ödəniş olursa, Azərbaycanda bu 30 sentdir, 3 dəfə azdı və bu da heç çəkilən xərci ödəmir, ona görə də fermerlər bu sahəyə maraq göstərmir. Buna görə də hökumət məcburiyyət qarşısında məktəb direktorlarını, müəllimləri, polis işçilərini vadar edir ki, onlar sahələrdə işləsinlər. Əsasən də bu işlə məşğul olanlar bu gün büdcə təşkilatında çalışan məmurlar və adi insanlardı. Əldə olan pambığı dünya bazarında 1kq-nı 1dollar 70 sentə satırlar, halbuki kəndlidən 30 sentə alırlar belə ədalətsiz yanaşma ona gətirib çıxarıb ki, kəndlilər yaxşı gəlir əldə etmədikləri üçün o sahəyə maraq göstərmirlər. Hökumət daha çox emalla məşğul olan sahibkarlara üstünlük verir”

Tanınmış iqtisadçı Rövşən Ağayev (meydan tv)  isə bunun insan haqqı məsələlərinə müdaxilə olduğunu düşünür. Bildirir ki, vətəndaşı özü istəmədiyi hansısa bir işə məcbur etmək insan hüquqları pozuntusudur: "İnsanların öz şəxsi mülkiyyətindən necə istifadə etməsinə yalnız özü qərar verə bilər. Amma burda maraqlı olan başqa məsələlər də var. Kənd təsərrüfatına yararlı torpaqların cəmi 25 faizi pay torpaqları formasında vətəndaşlara verilib. Bu da təxminən 1.3 milyon hektardır. Yerdə qalan 3.5 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq dövlət və bələdiyyə mülkiyyətində saxlanılıb”.

Rövşən Ağayev deyir ki, əgər doğrudan da pambıq əkmək fermerlər üçün sərfəlidirsə, hökumət insanları incitmədən belə mexanizm tətbiq edə bilər: "Birincisi, dövlət və bələdiyyə mülkiyyətində olan əkinəyararlı və suvarıla bilən torpaqlardan təxminən 100 min hektar torpaq fondu açıq müsabiqələr vasitəsilə fermerlərə təklif edilir. İkincisi, bu torpaqlar üçün icarə haqqı alınmır, suvarma suyu üçün haqq alınmır. Üçüncüsü, bu əkinlərə becərmə başlayan andan kənd təsərrüfatı sığortası təmin edilir, sığorta ödənişlərinin bir hissəsini hökumət, bir hissəsini də pambıq zavodları üzərinə götürür. 

"Əgər belə şərtlər altında pambıq əkməyə iddialı fermerlərin sayı çox olacaqsa, deməli, bu sahə mənfəət gətirir. Maraq olmayacaqsa, deməli, sərfəli iş deyil. Bu mexanizmin tətbiqinin bir üstünlüyü də odur ki, pambıq əkini on minlərlə adamı cəlb etməklə 0.5-1 hektarlıq sahələrdə yox, daha az sayda insan hesabına 50-100 hektarlıq sahələrdə həyata keçiriləcək. Miqyas effekti hesabına xərclərin azalması pambıq əkinlərini daha rentabelli edə bilər”, - deyə Rövşən Ağayev əlavə edir.

Nəzrin Bədəlli
Toplum.Tv