18:38, 13 Avqust 2018 (Bazar ertəsi) 437

“Hökumət pozitiv mesajlar vermək istəyir”

“Hökumət pozitiv mesajlar vermək istəyir”
Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi REAL Partiyasının sədri İlqar Məmmədovu iki il sınaq müddətinə şərti azadlığa buraxıb.
İlqar Məmmədov artıq Bakıda, evindədir.
Avropa Məhkəməsinin qərarına baxmayaraq, İlqar Məmmədovun azadlığa buraxılması prosesi ləngidilirdi. Bu səbəbdən məhkəmənin qərarı diqqətçəkəndir.

"Proses dalana dirənmişdi”

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Toplumtv-yə açıqlamasında bildirib ki, İlqar Məmmədovun azadlığa buraxılmasına səbəb Azərbaycan hökumətinin bütün mümkün limitləri istifadə etməsidir: 
"İlqar Məmmədovun qanunsuz tutulması və ona qarşı olan qondarma işin siyasi məqsədlə olduğu hər kəsə aydın idi. Avropa Məhkəməsi də hər iki qərarında bunu aydın göstərmişdi. Sadəcə olaraq Azərbaycanla Avropa Məhkəməsi arasında,  Avropa Şurasına üzv ölkələr içərisində, ümumiyyətlə, Avropa Şurasının tarixində ilk dəfə konvensiyanın 46-ci maddəsinin tətbiqi məsələsi üzə çıxmışdı və Azərbaycan tərəfi prosesin uzadılmasına çalışırdı. Lakin proses dalana dirənmişdi, bu dalana dirənmənin də bitmə müddəti var idi. Azərbaycan hökuməti anlamağa başladı ki, o, bütün mümkün limitləri istifadə edib. Bütün prosedurlar bitmişdi. Nazirlər Komitəsi məsələyə baxıb yeni qərarlar verməli idi. Yəni Azərbaycanın üzvlükdə sanksiya tətbiqi gözlənilən idi”.

Hökumətin Qərbə mesajı…

Akif Qurbanov onu da əlavə edib ki, İlqar Məmmədovun azadlığa buraxılmasının digər səbəbi də Almaniya konsleri Angela Merkelin regiona səfəri ilə bağlıdır: 
"Merkel təkcə Azərbaycana deyil, həm də regiona gəlir. Azərbaycanın Avropa Birliyi ilə ikitərəfli strateji əməkdaşlığa dair saziş imzalanması üçün danışıqlar prosesi gedir və gözlənilir ki, payızda Avropa Birliyinin  növbəti Şərq Tərəfdaşlığı üzrə sammitində bu saziş imzalansın. Görünən odur ki, Azərbaycan hökuməti müəyyən mənada o sazişin tələblərini, ondan gözləntilərini anlayır və buna görə də Merkelin səfəri çərçivəsində bu prosesin artıq həll edilməsinin zərurətini nəzərə alır. Çox güman ki, səfər zamanı hökumət bunun vasitəsilə pozitiv mesajlar vermək istəyəcək. Hər halda səfərdə açıqlamalar olacaq və bu açıqlamalarda Azərbaycan hökumətinin fəaliyyətini müsbət qiymətləndirəcək belə bir mesaja ehtiyac duyulur. Xüsusilə də ötən həftənin sonunda Xəzərin statusuna dair Konvensiya qəbul olunub, orada Azərbaycanın gələcəyinə risklər yaradacaq məsələlər öz əksini  tapıb. Çox güman ki, Qərb də bu konvensiyanın tələblərindən məmnun deyil. Belə bir halda Azərbaycan hökuməti özünü ifadə etdiyi kimi balans siyasətini gerçəkləşdirməyə guya cəhd edir. Həm Qərbi, həm də Rusiya və İranı razı salmağa çalışır. Belə bir görüntü yaratmağa çalışır ki, hakimiyyətimin qorunması üçün əlimdən gələni edirəm, kimə nə istəyir verirəm, qarşı tərəflər də razı qalsın. Bu mənzərəyə baxdıqda Azərbaycan hökuməti Merkelin səfərindən bu mesajı eşitmək istəyir. Çünki bundan öncə İlham Əliyev Fransa prezidenti ilə görüşmüşdü və deyilən məlumatlara görə, Fransa prezidenti tərəfindən də Azərbaycanın götürdüyü öhdəliklərin icrası ilə bağlı mesaj aydın ifadə olunub. Bütün bu fikirləri toplasaq hesab etmək olar ki, Azərbaycan hökuməti artıq anlayır, Qərbin də bir dözüm limiti var. Avropa Şurası Qərbin dəyəri deməkdir və onun qərarlarının icra olunmaması həm də Avropa Birliyinin problemidir. Çünki Avropa Birliyinin əsas aparıcı ölkələrinin hamısı Avropa Şurası Nazirlər Kabinetinin üzvləridir və onlar orada səs verməli olacaqlar. Hökumətin bundan sonrakı planları nələrdir demək çətindir, ancaq biz təcrübədə görmüşük ki, müəyyən bir prosesi keçdikdən sonra hökumət yeni bir dalğa başladıb. Yeni bir prosesin olması istisna deyil. Biz həm də İlqar Məmmədovun siyasi fəaliyyətində ona nə qədər imkan yaradılacağına baxacayıq”.

"İlqar Məmmədovu həbs etmək üçün hüquqi əsas yox idi”

Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənli isə açıqlamasında bildirib ki, İlqar Məmmədov həbs olunacaq hansısa bir cinayət əməli törətməmişdi: 
"İlqar Məmmədovu həbs eləmək üçün heç bir hüquqi əsas yox idi. Bu, İlqar Məmmədova qarşı törədilmiş zorakılıq idi. İlqar Məmmədov saxta ittiham əsasında həbs edilmişdi, artıq həmin saxta ittihama görə, o, 6 ilə yaxın həbsdə saxlanılıb. Hətta həbs olunmuşdusa da, istintaqın gedişatında İlqar Məmmədov buraxılmalı idi. Azərbaycan hakimiyyətinin əməllərində hər hansı məna axtarmaq yersizdir, çünki bütün bunlar İlham Əliyevin əhval-ruhiyyəsinə bağlıdır”.  

"Hökumət məcbur oldu”

Müsavat Partiyasının divan üzvü Tofiq Yaqublu  isə bildirib ki, hakimiyyət İlqar Məmmədovu azad etməyə məcbur oldu: "Hökumət heç bir siyasi məhbusu vaxtından əvvəl azad etmək istəmir, o cümlədən də İlqar Məmmədovu vaxtında azad etmədi. İlqar Məmmədov heç bir cinayət işləməmişdi, onunla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı və Avropa Şurasının Nazirlər Komitəsinin 6 qətnaməsi var idi. Hökumət qəsdən bu prosesi uzatdı və artıq o yerə gəlib çatdı ki, azad etməyə məcbur oldu”.

Lalə İsgəndərli
Toplum TV