15:59, 12 Oktyabr 2017 (Cümə axşamı) 313

Həvəsini biznesə çevirən qulaqlıq təmirçisi-AUDİOMÜSAHİBƏ

Həvəsini biznesə çevirən qulaqlıq təmirçisi-AUDİOMÜSAHİBƏ
Daim üzərimizdə gəzdirdiyimiz əşyalar arasında qulaqlıqlar da var. Tez-tez xarab olmasında gileylənir, təmir etdirə bilmədiyimizi əsas gətirib yenisi ilə əvəzləyirik. Ancaq sən demə, Bakıda yalnız qulaqlıqları təmir edən şəxs də varmış. Özü demiş, ölkədə ilk və yeganə qulaqlıq təmirçisi Sənan Qocayev.

Toplum TV qulaqlıq təmirçisi ilə söhbətləşib, oxucuları maraqlandıra biləcək suallara cavab almağa çalışıb.

- Necə oldu ki, bu işə başladınız?

- Məndə qulaqlıqlar çox olub. Əvvəllər  3-4 ədəd. O qulaqlıqlar tez-tez xarab olurdu. Baxmayaraq ki, qulaqlıqlar orijinal idi. Onları özüm açıb düzəldirdim. Bir gün elə oldu ki, fikirləşdim, bizdə qulaqlıq təmiri ilə məşğul olan bir müəssisə və ya kimsə yoxdur.  Başladım qulaqlıq təmiri ilə bağlı araşdırmalar etməyə. Detalları axtarmağa. Detalların çoxu Azərbaycanda yox, xarici ölkələrdə satılır deyə mən "Ebay”, "Amazon”, "Aliexpress” kimi saytlarda axtarış etməyə başladım. Detalları tapdım. Həmin gün "Təmirçi”nin  adını, loqosunu, saytını düşündüm, elə həmin gün də "Təmirçi” yarandı.
- Elə olubmu ki, müştəri öz qulaqlığını təmir üçün sizə həvalə edib, lakin təmir edə bilməmisiniz?
- Bəli, elə hallar çox baş verib. Əsasən, "Wireless” tipli qulaqlıqlarda bu hallar baş verir. Bu cür qulaqlıqlar daha  tez xarab olur. Çünki onların sxemində problemlər yaranır. Bir də böyük qulaqlıqların başa oturan hissələri daha tez qırılır. Onların da təmiri əksər hallarda mümkün olmur. Çünki detalı tapmaq çətin olur. Detalı tapsaq belə, onun təmiri qulaqlığın öz qiymətindən baha başa gəlir. Və belə olduqda təmir müştəriyə o qədər də sərf etmir. 

- Adətən deyirlər ki, təmirlə məşğul olan insanlar işlərini hər hansısa musiqi müşayiəti altında edirlər. Bəs siz necə işləyirsiz?

- Qulaqlıqları test edərkən, "bass”ı, "tiz”i yüksək olan musiqilərə üstünlük verirəm. Çünki qulaqlığın səs keyfiyyətini müəyyən etmək üçün daha əlverişlidir. Həm də səs keyfiyyəti yüksək olan mahnıları mən "spotify” proqramı ilə tapır, qulaqlıqları test edirəm. Həmçinin mahnılara da "spotify” vasitəsilə qulaq asıram.

- Valideynlərinizin və həmçinin yaxınlarınızın bu işə ilk reaksiyası necə oldu?

- Valideynlərim, ilk dəfə qulaqlıq təmir etdiyimi görəndə, maraqlandılar. Qulaqlığı necə təmir etdiyim barədə sual verdilər. Detalları hardan aldığım ilə maraqlandılar. Mən də izah edirdim. Onlar da bu işimə görə sevindilər. Çünki Azərbaycanda ilk və tək qulaqlıq təmirini mən həyata keçirirəm. 

- "Təmirçi”ni müştərilərə sevdirən özəllik hansıdır?

- Məncə, "Təmirçi”ni müştərilərə sevdirən özəllik elə qulaqlıq təmirinin olmasıdır. Çünki müştərilər xüsusən eyni qulaqlıqdan mütəmadi olaraq istifadə edən insanlar, qulaqllıqları xarab olduqda başqasına keçə bilmirlər. Ya da, qulaqlığın onlar üçün mənəvi dəyəri olur. Ona görə onları atmırlar. Bu da öz növbəsində "Təmirçi”ni onlar üçün özəl edir. 

- Belə deyək, başqa bir işlə də məşğul ola bilərdiniz, amma təmirçiliyə üstünlük verdiniz. Nədir bu məsələnin sirri?

- Mən qulaqlıq təmirindən əvvəl sayt yığmağı öyrənirdim. Sonra rəssamlıq qabiliyyətim də var. Hətta bir ara kalliqrafiya (xəttatlıq) ilə məşğul olmuşam. Müxtəlif sahələrlə maraqlanırdım. Amma nədənsə qulaqlıq təmiri məni cəlb elədi. Həqiqətən iş çox maraqlıdır. 1 ay, məsələn, 40-50-dən çox qulaqlığı test etmək imkanı olur, bunun özü insana ayrı bir zövq verir. Fərqli-fərqli qulaqlıqları test etmək usta üçün boyük bir şeydir. 

- Bəs burdan qazandığınızla dolanmaq mümkündürmü? Xərclərinizi qarşılayır?

- Bəli, qarşılayır. Hətta belə desək, artıq da qalır. Qane edir. 
 


- Bəs gələcəkdə bu işi davam etdirmək fikriniz var, yoxsa zamanı gələndə artıq  bu işi dayandıracaqsınız? 

- Bunu zaman göstərəcək. Çünki texnologiyanın inkişafı ilə  artıq telefonlarda  qulaqlıq girişi qaldırılır. Məsələn, bəzi qulaqlıqlarda "wireless”-  simsiz qulaqlıqlar istehsal olunub. Bu da göstərir ki, gələcəkdə artıq kabelli, yəni 3,5 mmlik "jack” çıxışı olan qulaqlıqlar tarixə qovuşacaq. Bu da bizim işimizin yavaşlamasına və ya yox olmasına gətirib çıxa bilər. Amma yenə də qulaqlıqlar hər zaman var, onları öyrənməyə davam edirik. Yəqin ki, işimizi böyütmək haqda fikirləşəcəyik.

- Sonda müştərilərinizə və həmçinin qulaqlıqdan istifadə edənlərə nə kimi məsləhətiniz var?

-Burada bir çox məsləhət vermək istəyirəm. Məsələn, qulaqlıq alanda gedib 28 May metrosu ərazisində zirzəmilərdə satılan 2-3 manatlıq qulaqlıqları almaqdansa, bir dəfə 15-25 manatarası olan keyfiyyətli qulaqlıq alıb istifadə etmək daha uyğundur. Belə düşünək, bir ayda 3 dəfə qulaqlıq  almaqdansa, o pulu yığın, olsun 15 manat və bir firma qulaqlığı alın. Onu siz 6 ay normal işlədə bilərsiniz. Bir də böyük qulaqlıq alın. Çünki balaca qulaqlıqlar qulağa ziyandır.  Qulağın pərdəsi ilə qulaq arasında müəyyən məsafə olmalıdır. Böyük qulaqlıqlarda məsafə olduğundan nisbətən zərərsizdir. Həm də səs keyfiyyəti məsələsi var ki, "bass” və " tiz”, musiqi alətlərinin səsi daha aydın eşidilir. 

Nərmin Məmmədova 
Toplum.Tv
 
Müsahibənin audioyazısını buradan dinləyə bilərsiniz: