14:05, 12 Fevral 2018 (Bazar ertəsi) 242

Həcc ziyarəti bahalaşıb?

Həcc ziyarəti bahalaşıb?
2018-ci ildə Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların sənəd qəbuluna bu gün, fevralın 12-dən başlanılıb. Bunu Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər. Verilən məlumata görə, yalnız bir variantda təşkil olunan ziyarətin adambaşına qiyməti 4150 ABŞ dollarıdır.

Amma bu il Həcc ziyarətinin kvotasının 600 nəfər həddində müəyyən olunması ilə bağlı yayılan məlumatlar təsdiq edilmir.

«Ölkədən nə qədər zəvvar getmək üçün müraciət edəcəksə, o qədər də zəvvar ziyarətə gedəcək. İyun-iyul aylarına kimi sənəd qəbulu davam edəcək», - deyə idarədən bildiriblər.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib. Ziyarət ancaq təyyarə vasitəsilə gerçəkləşib. İraq və Suriya ərazilərindəki silahlı münaqişələr üzündən Azərbaycandan avtobusla Həccə getmək dayandırılıb. Ziyarət zəvvarlara təqribən 3580 dollara başa gəlib.

Son illər ölkədə Həcc ziyarətinə gedənlərin sayının azaldığı bildirilir. Hətta ötən il Həccə Azərbaycandan əvvəlcə 600 zəvvarın gedəcəyi gözlənilirdi. Sonradan 300 nəfərin artdığı açıqlandı. Halbuki, 2016-cı il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. 2015-ci ildə isə Azərbaycandan Həccə 2400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.