19:34, 11 Oktyabr 2017 (Çərşənbə) 74

"Həbsxanadakı 3 fəal aclığa başlayacağını deyir" - Vəkil

Üç ictimai fəalın cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başlayacağı bildirilir.

Onlar Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhramandır. Bu haqda, bu gün, oktyabrın 11-i həbsdəki Bayram Məmmədovla görüşən vəkil Əshabəli Mustafayev AzadlıqRadiosu-na məlumat verib. Vəkil deyir ki, buna səbəb "heykəl məhbusu” kimi tanınan Bayram Məmmədova olan münasibətdir.

Vəkilin bildirməsinə görə, bazar ertəsi - oktyabrın 9-da adları çəkilən şəxslərin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinə rəsmi orqanlardan gələnlər olub.

Ə.Mustafayev vurğulayır ki, onlar özlərini tam təqdim etməyiblər. Bayram Məmmədovla görüşüb, söhbət ediblər.

Vəkilin bildirməsinə görə, Bayram Məmmədov söhbət yerini tərk edib. Ertəsi gün isə cərimə kamerasına ("karsa”) salınıb:

"Cərimə kamerasına salanda Bayram Məmmədovun başını qırxıblar. 5 gün orada qalmalıdır. İndi ora soyuq və nəmlidir. Paltarları isə çox nazikdir. Dedim paltar gətirək. Dedi ki, qoymurlar. Dedi ki, "kars” hazırda oturduğumuz otaqdan dəfələrlə soyuqdur. Yemək də yemədiyini, verilmədiyini deyir. Hər üçü bu gündən (oktyabrın 11-i) aclığa başlayırlar. Tələb edirlər ki, Bayram Məmmədova təzyiqlərə son verilsin. Ona zorakılıq olmasından şübhələnib ekspertiza keçirilməsini istəyirlər və Ədliyyə Nazirliyinin rəhbərliyinin də onlarla görüşməsini tələb edirlər”.

Üstəlik, Bayram Məmmədovun vəkilinə deməsinə görə, ondan izahat tələb edilir ki, əməliyyatçıya kobud davranıb. Əməliyyatçı da ondan şikayət verib.

Əshabəli Mustafayev durumla bağlı Ombudsman Aparatına da müraciət edib. Vəkilin deməsinə görə, oradan bildiriblər ki, yaxın günlərdə müəssisəyə baş çəkəcəklər.

Vəkilin bu açıqlamaları ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb.

Ancaq qurum bir qayda olaraq açıqlamalarında məhkumların cərimə kamerasına salınmasını onların daxili qaydaları pozmaları ilə izah edir.

Üstəlik, Bayram Məmmədov bundan əvvəl də cəza çəkdiyi müəssisədə ayrıseçkiliyə, təhqir və işgəncəyə məruz qaldığını açıqlayıb. Ancaq həm müəssisə rəhbərliyi, həm də Penitensiar Xidmət onunla hüquq çərçivəsində davranıldığını bəyan edib.


Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə ötən il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edir. Özləri isə keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarı yazıldığına görə saxlandıqlarını bildirirlər. Hərəsi 10 il azadlıqdan məhrum edilib.

Digər fəal İlkin Rüstəmzadə 2013-cü ildə saxlanıb. Kütləvi iğtişaşların təşkilində suçlanan gənc, həmin vaxt saxlanan 8 NİDA Vətəndaş Hərəkatının üzvlərindən biridir. İlkin Rüstəmzadə 8 il azadlıqdan məhrum edilib. Özü ittihamları qondarma adlandırır. Sonradan onunla həbs edilənlərin hamısı azadlığa buraxılıb.

2016-cı ildə saxlanan Elgiz Qəhraman da narkotikdə ittiham olunub 5 il 6 ay azadlıqdan məhrum edilib. O da həbsini siyasi sifariş sayır.

Hər 3 gənc hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alırlar. Siyahıda hazırda 140 civarında məhbusun adı var.

Hərçənd Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri cinayətə görə, məsuliyyətə alınıblar.
 
 
mənbə: azadliq.org