15:07, 11 Yanvar 2017 (Çərşənbə) 72

Həbsdəki şairin şikayəti təmin edilməyib

Həbsdəki şairin şikayəti təmin edilməyib
Yanvarın 11-i Ali Məhkəmədə həbsdə olan yazıçı-şair Saday Şəkərlinin kassasiya şikayətinə baxılıb. Məhkəmə Saday Şəkərlinin şikayətini təmin etməyib.

Bu haqda AzadlıqRadiosuna şairin müdafiəçisi Bəhruz Bayramov məlumat verib.

"Biz bununla razı deyilik. Ancaq bu bizim Avropa İnsan Hüquqları Məhkəməsinə yolumuzu açdı",-deyə vəkil vurğulayıb.

Məhkəmə iclasından əvvəl yazıçı-şairin ictimai müdafiəçiləri Azərbaycan Yazıçılar Birliyinə müraciət göndərmişdilər. Müraciətdə Saday Şəkərlinin günahsız olduğu vurğulanırdı. Onun azadlığa çıxmasına dəstək verilməsi istənilirdi.

"Ümid edirik ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) öz tanınmış üzvünün azadlığa qovuşması üçün nəhayət ki, əməli bir iş görəcək. S.Şəkərliyə azadlıq xahişi ilə Rusiya Yazıçılar İttifaqının 50-dən artıq dünyaşöhrətli üzvü Azərbaycan prezidentinə müraciət ünvanlayıblar. Buna rəğmən, AYB indiyə qədər heç bir ciddi addım atmayıb", - müraciətdə qeyd edilirdi.

Qeyd edək ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 16-da çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kasasiya şikayəti verib.

Şair həbsini tənqidi məzmunda olan «Qurd ürəyi» adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Hüquq müdafiə təşkilatları bir müddət əvvəl Saday Şəkərlini "siyasi məhbus" elan ediblər.