11:17, 15 Noyabr 2018 (Cümə axşamı) 214

"Harada qadın fəallığı varsa, orada ictimai tərəqqi var" - Əli Əhmədov

"Azərbaycan qadınlarının məşğulluq səviyyəsi bir sıra sahələrdə, xüsusilə də təhsil və səhiyyə sahəsində yüksəkdir. Hətta iki sahədə qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən üstündürlər".

"Report" xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən "Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq" adlı konfransda çıxışı zamanı deyib.

Baş nazirin müavini bütün sahələrdə qadın və kişilərin bərabər təmsil olunmasının vacib amil olduğunu qeyd edib: "Biz bunu da təşviq edirik. Bu mənada qadınların sahibkarlıq sahəsində iştirakçılığının artması bizim həyata keçirdiyimiz siyasətlərdən biridir".

Onun sözlərinə görə, qadın fəallığı ictimai tərəqqinin ən vacib indikatorlarından biridir: "Harada qadın fəallığı varsa, orada ictimai tərəqqi var. Azərbaycan qadını bütün sahələrdə ictimai fəallığını nümayiş etdirir, ictimai rəydə iştirak edir".

O əlavə edib ki, Azərbaycan hökuməti kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət göstərir: "Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi işlər görülür və lazımi vəsait ayrılır. Bundan sonra da Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq. Azərbaycan qadınları əmək sferasının ən fəal iştirakçılarıdırlar. Hesab edirəm ki, qadınlar kiçik və orta sahibkarlığın inkişafına böyük töhfə verər, Azərbaycanda məşğulluq səviyyəsi yüksəlmiş olar".