16:43, 19 Noyabr 2016 (Şənbə) 212

“Hakimiyyət real addımlar atmalıdır” - MSŞA Koalisiyası

"Hökumət vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli hüquqi şərait və fəaliyyət mühitini təmin etməlidir”. 

Toplum.Tv xəbər verir ki, bu fikri noyabrın 17-də İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (EİTİ) İdarə Heyətinin Astana toplantısının Azərbaycanla bağlı qərarına və yerli koalisiyanın mövqeyinə həsr olunmuş mətbuat konfransında koalisiyanın koordinatoru Qubad İbadoğlu səsləndirib. 

Koalisiya şurasının üzvü Akif Qurbanov isə bildirib ki, hökümət selektiv siyasətdən əl çəkməli, birləşmə azadlığının təmin olunması üçün ciddi addımlar atmalıdır. 

Koalisiya şurasının digər üzvü Oqtay Gülalıyev 17 il rəhbərlik etdiyi QHT-nin qeydiyyata alınmadığını, əvəzində hökumətin onun adı altında başqa bir QHT-ni qeydiyyata aldığını qeyd edib. 

Onun sözlərinə görə, hökumət Astana toplantısından öncə vətəndaş cəmiyyəti ilə bağlı imitasiya edib. Əksinə, vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılması üçün real addımlara ehtiyac var. 

Qeyd edək ki, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (EİTİ) İdarə Heyətinin Astana toplantısında Azərbaycana vətəndaş cəmiyyətinin durumunu yaxşılaşdırmaq üçün əlavə 4 ay vaxt verilib. Əgər bu vaxt ərzində vətəndaş cəmiyyətinin problemləri aradan qaldırılmazsa, növbəti qiymətləndirmənin nəticəsi olaraq Azərbaycanın namizədlik statusu dayandırılacaq.

İzzətxanım Cabarlı
Ofelya Ramilqızı