15:29, 27 May 2018 (Bazar) 183

"Hakimiyyət cinayət və korrupsiyanın içindədir"

Prezident İlham Əliyev mayın 24-də əfv sərəncamı imzalayıb. 

634 nəfərin adının daxil edildiyi siyahıda yerli və xarici hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi 12 nəfərin adı daxil edilib.

Bu, sayca 64-cü əfv sərəncamıdır.

Toplum.Tv sərəncamla bağlı siyasi təşkilatların mövqeyini öyrənib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli bildirir ki, budəfəki əfv sərəncamı gözləntilərdən də aşağı oldu: "Siyasi məhbus problemindən tamamilə yan keçdi. Həbsdən azad olunanlar arasında əksəriyyətinin müddətinin bitməsinə az qalmışdı. Siyasi məhbusların mütləq əksəriyyəti həbsdə qalıb və bu, təəssüfləndirici haldır. Dünya dəyişir, hətta bu dəyişikliklər Şimali Koreya, Özbəkistan, Kuba kimi ən simvol rejimləri belə əhatə edir. İlham Əliyev isə bu sərəncamla bir mesaj da verdi ki, dünya dəyişsə də, o dəyişməyəcək". 

"İlham Əliyevin bu mesajı, həm daxili, həm də beynəlxalq auditoriyaya hesablanıb. Xalqımıza mesaj verir ki, ruhlanmayın, heç də özünüzü bu ölkənin hakimi kimi hiss etməyin. Beynəlxalq birliyə də mesajı vardı ki, hazırda olan təzyiqlər qarşısında  güzəştlərə getmək fikrində deyil”, - Kərimli bildirib. 

Əli Kərimli deyir ki, bu siyasi kurs ölkəmiz üçün təhlükə mənbəyidir: "Cümhuriyyətin yüzilliyi ilə bağlı yaranan fürsətdən istifadə etməməkdir. Siyasi məhbusların həyatı və azadlığı uğrunda mübarizə davam edəcək. Bütün əndazələri aşan bir rejim formalaşıb. Fikir verdinizsə, BMT İnsan haqları Şurası Azərbaycan hökumətinə 259 tövsiyə ünvanlamışdı. O cümlədən, Avropa Birliyindən də tələblər çoxdur”. 

Onun sözlərinə görə, İlham Əliyev yerli və beynəlxalq ictimaiyyətin önündən geri çəkildikcə, beynəlxalq tələblər artacaq, demokratik dəyişikliklər qaçılmaz olacaq. 

O vurğulayıb ki, Azərbaycan hökumətinin belə ərköyün davranmasında beynəlxalq təşkilatların da böyük rolu var: "Hakimiyyət xirtdəyinə qədər cinayət və korrupsiyanın içindədir.  Dünyanın bütün nüfuzlu təşkilatlarında hökumətlə bağlı korrupsiya qovluqları var. Bu cinayətkarlara adekvat münasibət göstərilmədiyinə görə Azərbaycan hakimiyyəti bu gün həm beynəlxalq birliyin, həm də xalqın çağırışlarına məhəl qoymaya bilir”.

REAL Partiyanın Məclis üzvü Azər Qasımlı bildirib ki, əfvin siyasi məhbuslarla bağlı say tərkibi yetərsizdir: "Onların bir neçəsinin vaxtının bitməsinə onsuz da az qalırdı. Ümumən isə sərəncam siyasi məhbus problemini nəinki həll etmədi, hətta yaxın belə durmadı. Vaxtilə gerçəkdən cinayət törədən adamları buraxıblar, lakin günahı olmayan, saxta ittihamlarla həbs olunan adamların böyük əksəriyyəti həbsdədir”.

Onun sözlərinə görə, problem davam edir, Azərbaycan  çox pis bir dönəmə qədəm qoyur və bu, vətəndaş qarşıdurmasına səbəb ola bilər. 

"Hakimiyyətin mahiyyətinə bütün bələdçiliyimizə baxmayaraq, budəfəki əfvin bir qədər fərqli olacağını düşünürdük”. 

Bunu isə Müsavat Partiyasının Divan üzvü Yadigar  Sadıqov deyib.

O bildirib ki, bu sərəncam Cümhuriyyətə də hörmətsizlikdir: "Çünki bu sərəncam əlahiddə bir hadisə - Cümhuriyyətin 100 illiyi münasibətilə veriləcəkdi. Lakin yenə də xəyal qırıqlığı yaşandı. Siyasi məhbuslardan əsasən qısa müddətlik cəzası qalanlar əfv edildi. Siyasi həbslər məsələsinə hakimiyyətin baxışının, yanaşmasının dəyişdiyinə işartı ola biləcək addımla üzləşmədik. Bu həm də Azərbaycan tarixinin ən şərəfli səhifəsi olan Cümhuriyyətimizə də hörmətsiz münasibətin daha bir təzahürü oldu”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə bildirib ki, o, bunu siyasi  məhbus kontekstində qiymətləndirir: 

"Sərəncam özlüyündə müsbətdir, amma biz siyasi məhbus problemi üzrə bu əfvin faydalı olduğunu müşahidə etmədik. Çünki adı siyasi məhbus siyahılarında olan adamların sayı az idi və onların da bir qisminin cəza vaxtının bitməsinə günlər qalmışdı. Təəssüf ki, siyasi məhbus probleminin həllinə ciddi təsir göstərmədiyindən bunu fürsətin əldən buraxılması kimi qiymətləndirirəm. Amnistiya olacağı ilə bağlı bəzi dostların gözləntisi var”.
 
Gülzar N. Məmmədli
Toplum.Tv