20:49, 02 Oktyabr 2018 (Çərşənbə axşamı) 314

Güzəştli kreditlərin illik faizi 5%-ə endirilib

Güzəştli kreditlərin illik faizi 5%-ə endirilib
Azərbaycanda sahibkarlığın güzəştli kreditləşdirilməsində yeni qaydalar tətbiq ediləcək.

Oktyabrın 2-də İqtisadiyyat Nazirliyinin rəsmi şəxsləri yeni qaydaları ictimaiyyətə açıqlayıb.

"Amerikanın Səsi" xəbər verir ki, Nazirliyin Sahibkarlığın İnkişafı Fondunun rəsmisi Arif Vəliməmmədovun sözlərinə görə, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə fondun kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilib.

"Eyni zamanda, yeni qaydalarda orta həcmli kreditlərin hədləri dəyişdirilərək 50 000 manatdan 1 000 000 manatadək artırılıb", fond rəsmisi deyib.

Onun fikrincə, yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışını daha da rahatlaşdıracaq.

A.Vəliməmmədov deyib ki, fondun strukturunda təhlil və risklərin idarə edilməsi şöbəsi yaradılıb.

"Bu şöbə fondun vəsaitlərinin səmərəli yerləşdirilməsi məqsədilə mütəmadi olaraq təhlil və araşdırmalar aparacaq. Yeni yaradılmış Daxili audit şöbəsi isə fondun risklərinin idarə olunması, daxili idarəetmə və nəzarət sistemlərinin, idarəetmə prosesinin təkmilləşdirilməsi, eləcə də struktur bölmələrinin auditini həyata keçirəcəkdir", o qeyd edib.

Azərbaycanda sahibkarlığın maliyyə resursları ilə təmin olunmasında əsas dövlət mexanizmi İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondudur. Həmin fondun fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verdiyi bildirilir.