18:07, 04 Dekabr 2017 (Bazar ertəsi) 710

Güvənsizlik, məlumatsızlıq, yoxsa pulsuzluq?.. VİDEO

Azərbaycanda sığorta mədəniyyəti hələ tam olaraq formalaşmayıb. Xüsusilə həyat və sağlamlıq sığortası barədə bunu tam mənada deyə bilərik. 

Tez-tez ətrafımızda olan insanların gənc yaşda ya xəstəlikdən, ya da digər səbəblərdən həyatı tərk etdiyini eşidirik. 

Demək olar ki, böyük əksəriyyət bu kimi məsələlərdən özü üçün dərs götürmür. Böyük əksəriyyət yaşadığı dövrdə unudur ki, heç kim ölümdən sığortalanmayıb və ölümün nə vaxt gələcəyi bilinmir. İnsan öldükdən sonra isə əziyyət çəkən onun yaxınları, əzizləri, övladları olur. 

Bəs görəsən insanlar niyə özlərini həyat və ya sağlamlıq sığortası etdirmirlər? Bu sığorta şirkətlərinə olan inamsızlıqdan irəli gəlir, yoxsa insanların bu haqda məlumatsız olmasından? 

Güvənsizlik, məlumatsızlıq, yoxsa pulsuzluq?..

Toplum Tv olaraq paytaxt sakinləri arasında keçirilən sorğuda alınan cavablar bu suallara tam olaraq aydınlıq gətirməsə də, ən azından bir qədər mənzərəni aydınladır. 

26 yaşlı şəhər sakini bu günə qədər xəstələnmədiyi üçün həyat siğortasına ehtiyacı olmadığını bildirir: "Sığorta olunmamışam və bunu da vacib bilmirəm. Ona görə ki 26 yaşımda bir dəfə də olsun, dərman preparatlarında istifadə etməmişəm. Xəstələnəcəyimi də düşünmürəm”. 

30 yaşındakı gənc xanım bu günə qədər sığorta olunmamasını inamsızlıqla əlaqələndirir: "Sığorta olunmamışam. Çünki bilmirəm necədir. Amma bizə bu barədə məlumat versələr, biz də sığortalanarıq”.
 

32 yaşlı oğlan isə bu günə qədər yalnız bir dəfə işlədiyi şirkət tərəfindən sığortalandığını qeyd edib: "Özüm sığorta olunmamışam. Ancaq bir dəfə işlədiyim müəssisədən həyat sığortası etdirmişdilər. Özüm isə bu barədə düşünməmişəm. Çünki sığorta şirkətlərinə güvənmirəm”.

60  yaşlı qadın isə sonuncu dəfə "sovet dövrü”ndə siğorta olunduğunu bildirib: ”Sovet dövründə özümü və uşaqlarımı siğorta etdirmişəm. İndi olmamışam, amma olaram”. 

55 yaşlı kişi isə pulsuzluq və güvənsizlik ucbatından siğorta haqqında düşünmədiyini deyib: "Pul yoxdur, ola bilmirəm. Siğorta şirkətlərinə də güvənmirəm, güvənə bilmirəm”.

"Statistika da göstərir ki, Azərbaycanda insanların heç vaxt artıq pulu qalmır”
 
 

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı insanların sosial durumunun çətin olmasının həyat siğortasına mane olduğunu hesab edir. Eyni zamanda ekspert güvənsizlik məsələləsinin də üzərinə çəkir: 

"Müəyyən məhsullarla bağlı ötən ay 3 min respondent arasında sorğular keçirərkən məlum etdik ki, rəylərin 86 faizində insanlar sığorta şirkətlərinə güvənmirlər. Düzdür, bu cavabların hamısı obyektiv deyil. İkinci sual kimi onlara inamsızlıqlarının səbəbini soruşmuşuq, sadəcə olaraq eşitdiklərinə görə inanmadıqlarını bildiriblər. Amma hər bir halda bu narazılıqlar ciddi rəqəmdir. Həyat sığortalarının problemi ondan qaynaqlanır ki, SSRİ dövründə Azərbaycanda əsas aparıcı siğorta sahələrindən biri məhz heyvanların və insanların sığortası olub. 1991-ci ildə sistem dağılıb, keçmiş siğortaçılıq sistemi dağılandan  sonra insanların sığorta fondlarında yığılan pulları dəyər itirdi.”

Ekspert nəzərə çatdırıb ki, inamsızlığın səbəblərindən biri də Azərbaycandakı bank sektorunun durumudur:

"Həyat sığortası xüsusilə yığım siğortası olduğuna görə uzun müddətlidir. Yəni həyat siğortasıdan fayda əldə etmək üçün ən az 3 il müddət lazımdır. Yalnız 3 il keçdikdən sonra həyat siğortasının faydasını görmək olar. Azərbaycanda da siğorta şirkətləri o qədər tez-tez bağlanır, lisenziyası dayanır ki, bu da insanları həqiqətən narahat edir. Bu birinci faktordur. İkinci faktor isə, insanlar arasında maarifləndirmə işlərinin aparılmamasıdır. Həyat siğortasının onlara lazım olub-olmaması və əhəmiyyəti onlara izah olunmur. Hesab edirəm ki, bu çox maraqlı sığorta növüdür. Çünki Avropa ölkələrində siğorta yığımlarının 70 faizi məhz həyat siğortalarının payına düşür. Yəni orada həyat siğortasının müxtəlif növləri var. Məsələn pensiya siğortası, həyatın yaşam hallarından, yəni müəyyən yaşa qədər pul ödəyirsən, sağ qalırsansa, pullar müəyyən investisiya gəlirləri ilə birlikdə geri ödənilir. Yaxud da həmin dövr ərzində sığorta etdirən şəxs vəfat edirsə, yığılmış vəsait faizləri ilə onun varislərinə ödənilir. Həyat sığortası çox maraqlı sığorta növüdür. Bu gün Azərbaycanda bank sektorunun bərbad durumda olduğu bir gündə - insanların banklara pullarını etibar etmədiyi dövrdə ən gözəl instrument həyat sığortasıdır. Çünki həyat sığortası həm bankın rolunu oynayır, həm də sığortanın rolunu icra edir. Amma insanlar arasında inam və etibarın olmaması, əlavə olaraq da məlumatsız olmaları bu sığorta növünün inkişafına mane olur. Burada ən əsas amil isə insanların sosial durumudur. Bu gün insanlar sığortaya yalnız əlavə pulum olsa, edərəm gözü ilə baxırlar. Əhalinin 95 faizi gündəlik ehtiyacları üçün güclə pul tapır. Ona görə də insanlar düşünür ki, ilk öncə uşaqlarımın təhsili, qida təminatım, aylıq toy və yas xərcim gəlir. Bundan sonra artıq pulum qalsa, həyat sığortası haqqında düşünərəm. Statistika da göstərir ki, Azərbaycanda insanların heç vaxt artıq pulu qalmır. Problemlərin kökü də bundan qaynaqlanır”.

"İşlər aparılsa da, kifayət qədər geniş deyil”

Dövlət Sığorta Şirkətinin hüquq və kadr departamentinin direktoru Əfqan Mirzəyev diqqəti daha çox insanların siğorta xidmətləri barədə məlumatsız olamalarının üstünə çəkib. 

Onun sözlərinə görə bu sahədə vətəndaşlarla işlər aparılır: "Vətəndaşların maarifləndirmə prosesi davam edir. Yəni sığorta məfhumu qanunvericiliyə əsasən Azərbaycanda könüllü və icbari tətbiq olunur. Azərbaycan cəmiyyətində əmlak, şəxsi mənafelərin icbari və könüllü sığorta olunması həyata keçirilir. Bu sahədə maarifləndirmə işləri mətbuatda aparılır. Ancaq hansı səviyyədə aparılması müxtəlif təşkilatlar və sığorta şirkətlərinin büdcələrinə uyğun aparılır. O cümlədən də bu sahəyə dövlət nəzartə qurumu olan Maliyyə Bazarlarına Nəzarət Palatası var ki, palata və icbari siğorta bürosu da mətbuatda, televiziyada təbliğat işləri aparır. Aparılan işlərin kifayət olub-olmadığına biz qərar verə bilmərik. Maarifləndirmə işləri getsə də, vətəndaşların sığortaya marağı azdır. Bunun hansı səbəblərdən baş verməsi isə araşdırılıb, analiz olunmalıdır. Vətəndaşların sığortaya güvənsizliyi  ilk növbədə onların sığorta məhsulları barəsində məlumatlarının az olmasından irəli gəlir. Bununla bağlı təbliğat-maarifləndirmə işləri aparılsa da, kifayət qədər geniş deyil. Biz bununla razılaşırıq”.

"Ölkədəki sığorta şirkətinin çoxunun müsbət imici formalaşmayıb”
 


Deputat Musa Quliyev isə problemin əsasında Azərbaycanda siğorta işinin yeni olmasını görür. Deputat eyni zamanda sığorta şirkətlərinin imici məsələsini də önə çəkir:
 
"İlk növbədə sığorta təcrübəsi Azərbaycanda azdı. Yəni sovet dövründə yaşadığımız müddətdə demək olar ki, sığorta dövlətin nəzdində formal fəaliyyət göstərirdi. 90-cı illərdə isə təəssüf olsun ki, sığorta işini normal qura bilmədik. Yalnız 2000-ci illərdən başlayaraq Azərbaycanda sığorta şirkətləri fəaliyyətə başladı və sığorta ilə bağlı qanunlar qəbul olunub. İnsanların sığorta ilə bağlı fikirləri, onları sığorta mədəniyyətinin formalaşması, sığorta maarifinin aparılması müəyyən təcrübə və ardıcıl fəaliyyət tələb edir. Təəssüf edirəm ki, ölkədəki sığorta şirkətinin çoxunun müsbət imici formalaşmayıb və buna görə də bu şirkətlərə qarşı insanlarda inam yoxdur. İnamsızlığın səbəbi də yəqin ki, şirkətlərə vaxtında nəzarətin bir qurum tərəfindən olmamasından qaynaqlanır. Məhz bu reallıqları nəzərə alaraq, 2 il öncə cənab prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yarandı və sığorta işinin təşkil olunması, bu işə nəzarət olunması, inkişaf etdirilməsi də bu palataya tapşırılıb. Hesab edirəm ki, palatanın fəaliyyəti nəticəsində sığorta sisteminin Azərbaycanda yenidən qurulması, genişlənməsi və sığortaya inamın artırılması sahəsində işlər görüləcəkdir. Azərbaycanda artıq sığorta ilə bağlı müəyyən addımlar atılıb, onu inkişaf etdirmək lazım gəlir. Könüllü tibbi sığorta və avtomobillərin sığortasında müəyyəb problemlər olsa da kifayət qədər özünü doğruldub. Səhiyyə və turizmlə bağlı sağlamlıq sığortası işləyir. Amma həyat sığortası ilə bağlı problemlər dünyanın hər yerində var. İnsanlar faciə ilə üzləşəcəyini, travma alacağını, yaxud da hər hansı səbəbdən dünyasını dəyişəcəyini nəinki proqnozlaşdırmır, hətta belə bir ehtimalı görməzdən gəlirlər. Ona görə də çox zaman həyat sığortasına diqqət də yetirmirlər". 

Musa Quliyev bildirir ki, digər tərəfdən Azərbaycanda insanlar öz təbiətləri etibarilə fatalistdirlər, yəni onlar qismətə belə bağlayırlar. Bununla belə, sığorta təcrübəmizin az olması və bu mədəniyyətin kifayət qədər formalaşmaması bunlara gətirib çıxarıb. 

Deputat hesab edir ki, sığorta ilə qanunverici və hüquqi baza kifayət qədər möhkəmdir. Amma bunun işləməsinə bir qədər zaman lazım olacaq.

Ofelya Ramilqızı
Toplum.Tv