00:43, 18 Aprel 2018 (Çərşənbə) 951

"Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdiriləcək" - Ekspert

Gömrük Komtəsi Vergilər Nazirliyinə birləşdirilə bilər. 

Bu barədə REAL təşkilatının üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli feysbuk səhifəsində yazıb.

O bildirib ki, komitə departament kimi Vergilər Nazirliyinə birləşdirilə bilər: "Çox güman yaxın günlərdə Dövlət Gömrük Komitəsi ayrıca bir orqan kimi ləğv ediləcək, departament kimi Vergilər Nazirliyinə birləşdiriləcək".

Onun sözlərinə görə, bu sahədə olan problemlərin həlli vergi və gömrük orqanlarının idarəetmə fəlsəfəsinin dəyişməsi nəticəsində mümkündür:  "İnstitusional olaraq doğru olan da budur, amma bundan sonra vergi və gömrük orqanlarının idarəetməsi, fəlsəfəsi, yanaşması dəyişməsə, biznesin qorxulu röyası olmaqdan çıxıb yardımçısına, xidmətçisinə, dostuna çevrilməsə heç nə dəyişməyəcək”.

İqtisadçı hesab edir ki, Vergilər Məcəlləsində də dəyişikliklər edilməlidir: "Ümumilikdə isə cəmi 35-40 maddədən ibarət yeni Vergi Məcəlləsi yazılıb qəbul edilməlidir. Məcəllə aydın və səlis dildə yazılmalı, ölkənin real iqtisadi durumunu nəzərə almalıdır".

Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsi 2017-ci ildə də gündəmə gəlib. 

Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov "Turan"a bildirib ki, vergi və gömrüyü birləşdirərək tək fiskal orqanının yaradılması iki xidmət arasında tam informasiya mübadiləsinin aparılması kimi müsbət nəticədir: 

"Dünyada belə yanaşma çərçivəsində çoxlu nümunələr var. Amma əks nəticələr də olub. Dünya praktikasında qurumların iri və əməliyyat baxımından yöndəmsiz, nöqsanlı səlahiyyət bölgüsü olan strukturlara inteqrasiyası təcrübəsi olub. Bu zaman müxtəlif departamentlər onlara uyğun olmayan funksiyalar əldə edib. Ona görə də qərarların qəbulu çox vaxt əsassız olaraq uzun vaxt aparır, bəzən isə yenidən baxılmağı tələb edirdi. Birləşmənin müsbət cəhətləri də olub: birgə vergi - gömrük yoxlamaları, qanunvericilik normalarının eyni cür anlaşılması, iki xidmət arasında tam informasiya mübadiləsinin yaradılması".

İqtisadçı Natiq Cəfərli bildirib ki, gömrük və vergi xidmətlərinin bir fiskal orqanda birləşməsi 2013-cü ildən Respublikaçı Alternativ Təşkilatının (REAL) proqramında öz əksini tapıb. 

O qeyd edib ki, fiskal orqanların birləşməsinin digər müsbət tərəfi qənaətdir, çünki ayrıca Gömrük Komitəsi dövlət büdcəsinə baha başa gəlir. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, bu, ölkə baçısının səlahiyyətində olan məsələdir:

"Vergilər Nazirliyi də, Gömrük Komitəsi də əsasən Maliyyə Nazirliyinə işləyirlər. Bir çox dövlətlərdə vergi və gömrüklə əlaqədar orqanlar Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərirlər. Müəyyən birləşmələr ola bilər. Amma bu, cənab prezidentin səlahiyyətində olan məsələdir”.

Nuray Rəşidli
Samirə Əliyeva
Toplum.Tv