10:25, 11 İyul 2018 (Çərşənbə) 297

Gəncədə iki polis zabiti öldürülüb - DİN

Gəncədə iki polis zabiti öldürülüb - DİN
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb. Bildirilir ki, iyulun 10-u saat 20 radələrində 150-200 nəfər dini radikal Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə toplaşaraq asayişi pozmağa cəhd göstərib. Aksiya iştirakçılarının polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərdiyi, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyevin və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasovun həlak olduqları vurğulanır.

Məlumata görə, aksiyanın qarşısı alınıb, 40 nəfər tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş bərpa edilib.

Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü, 228.4-cü və 315.2-ci maddələri ilə cinayət işi başlanıb.

Novator.az xatırladır ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı serjant Qasım Aşbazov odlu silahla vurularaq yaralanıblar. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. İstintaqın versiyasına görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.