19:50, 07 Avqust 2018 (Çərşənbə axşamı) 190

Gəncə hadisələriylə bağlı daha bir nəfər axtarışa verilib

Gəncə hadisələriylə bağlı daha bir nəfər axtarışa verilib
Gəncə hadisələriylə bağlı daha bir nəfər barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməklə, axtarışa verilib.

 BBC News Azərbaycanca-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğun sözçüsü Eldar Sultanov məlumat verib.

"(Axtarışda olan şəxs) Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirləndirilməklə, ona qarşı Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır", Eldar Sultanov deyib.

İyulun 3-də vaxtilə Gəncə şəhərində doğulub-böyümüş, hazırda Rusiya vətəndaşı olan Yunus Səfərov adlı şəxs Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum etmiş, onu və mühafizəçisini ağır yaralamışdı.

İyulun 10-da isə Gəncədə bir qrup şəxs şəhərin mərkəzi meydanına toplaşmış və iki yüksək rütbəli polis zabiti öldürülmüş, biri yaralanmışdı. Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri öldürülmüş, digəri həbs edilmişdi. Hüquq-mühafizə orqanları bu hadisə ilə bağı Gəncədə 11 adamın həbs olunduğunu bildirib.

Prezidenti İlham Əliyev iyulun 13-də hüquq-mühafizə orqanları rəhbərləri ilə bağlı keçirdiyi görüşdə Gəncədə baş verən hadisələri sabitliyin pozulmasına yönələn terror aktı olduğunu deyib.

O, "xarici və daxili qüvvələrin Azərbaycana təsir etmək istədiyini" söyləyib.