15:33, 17 İyul 2018 (Çərşənbə axşamı) 319

Gəncə hadisələrinə görə daha 4 nəfər saxlanılıb

Gəncə hadisələrinə görə daha 4 nəfər saxlanılıb
İyulun 3-də və 10-da Gəncədə baş vermiş hadisələrlə bağlı iyulun 16-da daha dörd nəfər həbs edilib.

Bu haqda AZƏRTAC hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.

Məlumatda deyilir ki, həbs olunanlardan Ceyhun Qurbanov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə, onlar barədə məlumatları Yunis Səfərova çatdırmaqda təqsirləndirilir.

C.Qurbanovun Y.Səfərovun yaxın qohumu olduğu qeyd edilir.

Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncədə baş vermiş hadisənin fəal iştirakçıları Vüqar Allahverdiyev, Ülvi Həsənov və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsi kütləvi iğtişaşda iştirak üçün Gəncəyə apardığı iddia edilən Alim Yusifovdur.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub.

Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə, Sumqayıtda aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı indiyədək 30-dan artıq şəxsin həbs edildiyini, 8 nəfərin axtarışda olduğunu, axtarışda olanlardan bir nəfər – Rəşad Böyükkişiyevin polisə silahlı müqavimətə görə öldürüldüyünü bildirirlər.

Dövlət Təhlükəsizliyi Xidməti iyulun 15-də Sumqayıt şəhərində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 fəalının saxlanılması haqda məlumat yayıb.

Hakimiyyət bu hadisələrin «xaricdən yönləndirilən təxribat» olduğunu bildirir.