15:52, 09 Noyabr 2018 (Cümə) 163

Gəncə hadisələri zamanı saxlanılana hökm oxunub

Gəncə hadisələri zamanı saxlanılana hökm oxunub
«Gəncə olayları zamanı həbs edilən Rza Səfərsoy Səbail Rayon Məhkəməsinin hökmü ilə iki il azadlıqdan məhrum edildi».

Bunu Azadlıq Radiosuna R.Səfərsoyun həyat yoldaşı Təranə Səfərsoy deyib. O bildirib ki, 2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı olan R.Səfərsoy Facebook-dakı statuslarına görə məhkum edilib. T.Səfərsoyun sözlərinə görə, həyat yoldaşı qətldə günahlandırılan Yunis Səfərovun həbsindən sonra durumundan narahatlıq ifadə edən statuslar yazıb, ictimaiyyəti onu tək qoymamağa çağırıb, ardınca, iyulun 9-da həbs edilib.

Həbs edilməsindən bəri R.Səfərsoyun Dövlət Təhlükəsizliyi Xidmətində saxlanıldığını bildirən həyat yoldaşı deyib ki, onun məhkəməsi oktyabrda başlayıb. Xanımının deməsinə görə, ona Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə ittiham irəli sürülüb.

«Səbail Rayon Məhkəməsi noyabrın 7-də ittihamı təsdiqlədi. Rza 2 il müddətinə azadlıqdan məhrum olundu», - xanımı qeyd edib.

Hüquq müdafiəçisi Oktay Gülalıyev isə AzadlıqRadiosuna deyib ki, R.Səfərsoyla bağlı hökmdən apellyasiya şikayəti veriləcək.

R.Səfərsoyla bağlı bu açıqlamalara Səbail Rayon Məhkəməsi və Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət almaq mümkün olmayıb.

R.Səfərsoyun soyadı eyni olsa da, Y.Səfərovla qohum olmadıqları bildirilir.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı indiyədək 80-nə yaxın şəxsin həbs edildiyini, 11 nəfərin axtarışda olduğunu açıqlayıb.

Axtarışda olan bəzi şəxslərin silahlı müqavimət göstərərkən öldürüldüyü haqqında rəsmi məlumat yayılıb. Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.