15:27, 14 İyun 2018 (Cümə axşamı) 174

Futbol üzrə dünya çempionatı başlanır

Futbol üzrə dünya çempionatı başlanır
Bu gün – iyunun 14-də Rusiyada futbol üzrə 21-ci dünya çempionatı başlanır. İlk oyun Moskvadakı 80 min nəfərlik Lujniki stadionunda Rusiya ilə Səudiyyə Ərəbistanı arasında keçiriləcək.

Qarşılaşma yerli vaxtla axşam 6-da, açılış mərasimindən sonra baş tutacaq. Mərasimdə Rusiya prezidenti Vladimir Putin, dünyanın bir sıra tanınmış şəxsləri, siyasətçiləri iştirak edəcək.

Dünya kuboku üzrə final oyunu iyulun 15-də olacaq.

Çempionatda 32 komanda iştirak edir. 32 gün ərzində 64 qarşılaşma keçiriləcək.

Oyunlar 11 şəhərdə yerləşən 12 stadionda baş tutacaq.

Rəsmilər Rusiyanın çempionatın təşkilinə 13 milyard dollar xərcləndiyini bildirirlər. Bu yarışma dünyada istənilən idman tədbirindən daha çox izləyici cəlb edir.

Həm də Rusiya 1980-ci ilin Yay Olimpiya oyunlarından bəri ilk dəfədir ki, çox mühüm beynəlxalq yarışmaya ev sahibliyi edir.