12:27, 12 Yanvar 2017 (Cümə axşamı) 139

Fuad Əhmədlinin apelyasiya şikayətinə baxılır

Fuad Əhmədlinin apelyasiya şikayətinə baxılır
Yanvarın 11-də həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin həbsdə saxlanılma müddətinin ikinci dəfə uzadılmasından verilən apelyasiya şikayətinə baxılıb. Bu barədə məlumatı vəkili Əsabəli Mustafayev öz Feysbuk səhifəsində yayıb.

"Əslində buradakı baxıldı sözü dırnaq arasına alınmalıdır. Çünki proses o qədər formal, səthi keçirilir ki, buna araşdırma deməkdə çox çətindir. Ayaqüstü Fuadla danışdım.Karserdə aclığı davam etdirir. Sonuncu dəfə yanında olanda ad günü münasibətilə ona O. Qenrinin əsərlərindən ibarət kitabı hədiyyə etmişdim. Məndən ayrılandan sonra kitabı, şikayət yazmaq üçün ona verdiyim qələm və kağızları müsadirə ediblər. Valideynlərinin və partiyadaşlarının aclığı dayandırmaq haqqında xahişləri ona çatdırdım. Söz verdi ki, nəzərə alacaq"- Ə.Mustafayev bildirib.

Vəkil Binəqədidəki cəzaçəkmə müəssəsində inzibati həbs cəzası çəkən gənc fəal Nicat Nizamovla da görüşüb:

"Tutulmasının rəsmi bayağı versiyası: küçədə gedərkən telefonla yüksək səslə danışıb, bu hərəkətləri dayandırmaq barədə polisin göstərişinə tabe olmayıb. Halbuki polislər evə gəlib valideyninin gözü qabağında tutub aparıblar. Məhkəmə qərarında qeyd olunub ki, özünü təqsirli bilmir, həbsinin səbəbi kimi Feysbukda statuslar yazması və mitinqlərdə fəal iştirak etməsini göstərib. Təqsiri etiraf etməməsi, özünü müdafiə etməsi məhkəmə tərəfindən qeyri-səmimi davranış kimi qiymətləndirilib".

Ə.Mustafayev deyir ki, vəkil olaraq yüzlərlə belə formal məhkəmə prosesləri, qanunsuz həbslər görsə də, onlara alışa bilmir:

"Hər bir belə formal proses, qanunsuz həbs, bu ədalətsizlik qarşısında gücsüzlük, bu haqsızlıqları aradan qaldırmaqda imkansızlıq, tutulanları azadlığa çıxartmaqda acizlik, bu acizlikdən doğan alov, əsəb, kin insanı daxilən göynədir, için-için ağladır. Bu gün də növbəti dəfə belə oldu. Və bu gün Mehmanın dünənki oxşar situasiyadakı göz yaşları yada düşdü. Bu göz yaşlarının səbəbini yalnız həmin situasiyaları yaşamış insan bilər".