Tbilisi şəhər məhkəməsi "Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə hökmü elan edib.
APA-nın məlumatına əsasən, məhkəmənin qərarı ilə F.Ceyranlı 6 il müddətinə azadlıqdan məhrum olunub.
Azərbaycanlı həkim ona qarşı irəli sürülən dələduzluq ittihamı üzrə günahkar hesab edilib. O, həyat və sağlamlığa təhlükə barədə informasiyanın gizlədilməsi və ya yalan məlumatın verilməsi ilə bağlı digər ittiham üzrə bəraət qazanıb.
Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib.
1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.
O, bir neçə il əvvəl Gürcüstana gedərək «Lancet» klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb. F.Ceyranlıya qarşı CM-in 247-ci maddəsinin 1-ci bəndi (həyat və sağlamlıq üçün təhlükəli olan informasiyanın gizlədilməsi), 180-cı maddənin 3-cü hissəsinin b bəndi (kütləvi dələduzluğa cəhd) ittihamı irəli sürülüb.
Müdafiə tərəfi bildirir ki, F.Ceyranlı «Lancet» klinikasının həmtəsisçisidir və ittiham üzrə məsuliyyət daşımır.
Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat da yaymışdılar. Həmin bəyanatda vurğulanırdı ki, F.Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki «Lancet»də müayinə və müalicəsinə şərait yaratması göstərilirdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.