17:10, 23 May 2018 (Çərşənbə) 236

Əvəz Zeynallı Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib

Əvəz Zeynallı Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib
"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı mayın 23-də Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağrılıb.

Jurnalisti aprelin 23-də Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat Hüseyn Abdullayev işinə görə dindiriblər.

Bu barədə Əvəz Zeynallı özü məlumat yayıb.

Jurnalist deyib ki, ona Hüseyn Abdullayevlə bağlı suallar veriblər:

"Dostuqmu, görüşmüşükmü, yazılarını niyə dərc etmişəm, qarşılığı olubmu və s. 2016-cı ildə Hüseyn Abdullayev mənə zəng edibmiş - niyə zəng edibmiş?! Görünür ki, Hüseyn Abdullayev işini absurda aparırlar, yüzlərlə adam, redaktor, yazar çağıracaqlar. Belə istintaqmı olar?”

Ə.Zeynallı deyir ki, Hüseyn Abdullayev ictimai-siyasi fiqurdur, yazıları, mövqeyi zaman-zaman maraq doğurub və o da diqqətini çəkənləri dərc edib.

"Təbii ki, bu yazılar bəzən Hüseyn Abdullayevin özünün xahişi ilə də olub və bu, çox normaldır. Bizə gündə onlarla adam zəng edir və dərdini-sərini işıqlandırmağı, yazılarını dərc etməyi xahiş edir. Bundan normal nə ola bilər? Qalan şeylər təfərrüatdır. Görünür, Hüseyn Abdullayevin işini genişləndirmək üçün xüsusi tapşırıq var. Amma belə olmamalıdır axı...”.

Milli Məclisin keçmiş üzvü, Almaniyada sığınacaq almış Hüseyn Abdullayev aprelin 23-də Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib. Ona Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.