17:45, 05 Noyabr 2018 (Bazar ertəsi) 149

"Etibarnamə vermirlər, pulu ala bilmirik" - Gözəl Bayramlının bacısı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdə olan müavini Gözəl Bayramlı Avropa Məhkəməsinin 2017-ci ilin fevralında ona təyin etdiyi kompensasiyanı hələ də almayıb. Bu barədə Azadlıq Radiosuna G.Bayramlının bacısı Şirin Ələkbərova danışıb.

Bacısının dediyinə görə, səbəb G.Bayramlının ailə üzvlərinə etibarnamə verə bilməməsidir. Avropa Məhkəməsinin ona təyin etdiyi kompensasiyanı ala bilmək üçün bu vacibdir: «Birinci dedilər ki, etibarnamə veririk, Avropa Məhkəməsinin qərarını tərcümə elətdirib gətirin. Biz də o boyda qərarı tərcümə elətdirib apardıq. Ancaq vermədilər. Bir neçə dəfə istəmişik, verməyiblər. Etibarnamə olmalıdır ki, pulu ala bilək».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Azadlıq Radiosuna bildirib ki, etibarnamənin verilməsi məhkumun saxlandığı cəzaçəkmə müəssisəsinin səlahiyyətində olan məsələdir: «Bütün sənədlər qaydasında olsa, inanmıram ki, bu məsələdə problem yaradılsın».

Ş.Ələkbərova bildirir ki, bacısı həbs olunarkən evdən aparılmış əşyalar, o cümlədən telefon, sənədlər bu günə qədər qaytarılmayıb. Ancaq axtarış vaxtı evdən aparılan pulu qaytarıblar: «Özü də istəyir ki, telefonu alınsın, nömrə uzun müddət istifadəsiz qalıb yanmasın. Prokurorluq dedi ki, vəkiliniz müraciət eləsin, əşyalar qaytarılacaq».

G.Bayramlının vəkilləri də AzadlıqRadiosuna deyib ki, bir neçə dəfə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə müraciət ediblər. Çünki siyasətçi xanımın haqqındakı cinayət işinin istintaqı bu idarədə aparılıb, onun evindən götürülmüş əşyalarla bağlı qərarı da bu qurum verir: «Bizim müraciətimizdən sonra pul qaytarıldı. Əşyalar isə bu günə qədər qaytarılmayıb. Baxmayaraq ki, bir neçə dəfə müraciət eləmişik».

Bacısının deməsinə görə, 4 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan G.Bayramlının səhhətində problemlər var, kəskin mədə ağrılardan əziyyət çəkir: «Hər dəfə yanına gedəndə dərmanlar aparırıq. Onun ayaqlarında da problem var, hava dəyişən kimi ağrıları başlayır. Doğrusu, ona müəssisənin tibb hissəsinə köçmək təklif olunub. Orada yaxşı həkimlər də var, amma özü istəmir».

AXCP sədrinin müavini G.Bayramlı 2017-ci il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Avropa İnsan Haqları Məhkəməsi 2017-ci ilin fevralında G.Bayramlının şikayəti üzrə qərar çıxarıb. Şikayət 2013-cü il yanvarın 26-da Bakıda etiraz aksiyası zamanı G.Bayranlının polislər tərəfindən saxlanması, zorakılığa məruz qalması və cərimələnməsiylə bağlıydı. Avropa Məhkəməsi G.Bayramlının sərbəst toplaşmaq azadlığının pozulduğu nəticəsinə gəlib və ona mənəvi ziyana görə 12 min, ödədiyi cərimənin əvəzi olaraq da 1900 avro kompensasiya verilməsi barədə qərar çıxarıb.