13:08, 13 İyun 2018 (Çərşənbə) 163

Ermənistan prezidenti Qarabağdadır

Ermənistan prezidenti Qarabağdadır


/ DÜNYA
Ermənistan prezidenti Armen Sarkisyan iyunun 13-də Azərbaycanın işğal olunmuş ərazisinə səfər edib. Armen Sarkisyanın Dağlıq Qarabağa işğalçı rejimin başçısı Bako Saakyanın dəvəti ilə yollandığı açıqlanıb.

1953-cü il təvəllüdlü Armen Sarkisyan bu il martın 2-si parlamentdə prezident seçilib. O, aprelin 9-da and içərək səlahiyyətlərinin icrasına başlayıb. Dövlət başçısı funksiyası daşıyan prezidentin səlahiyyət müddəti 7 ildir.

1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı "müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-ci ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.