Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləği açıqlanıb.
İlkin hesablamalara görə, dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir.
Bu vəziyətlə bağlı Azərbaycan tərəfinin beynəlxalq müstəvidə nə kimi addımlar atacağını hüquqşünas Erkin Qədirli belə izah edir.
"Nə Azərbaycan, nə də Ermənistan beynəlxalq məhkəməni tanımır. Ona görə də, bir-birlərinə qarşı şikayət verə bilməzlər. Müharibədə ola-ola məhkəmə çəkişməsinə getmək istəmirlər deyə beynəlxalq məhkəməni tanımırlar”.
Erkin Qədirli deyir ki, iki tərəfdən biri məhkəməni tanısa belə, bununla məsələ çözülmür: "Azərbaycan tərəfi bəlkə də tanıyar, amma Ermənistan tanımayacaq. Yeganə o qalır ki, sülh yolu ilə həll olunsa, vasitəçilər deyə bilər ki, Ermənistan təzminat ödəsin. Sadəcə Ermənistan da deyəcək ki, Azərbaycan mənə təzminat ödəsin. Bu da mənə real görünmür”.
Deputat Elman Məmmədov isə məsələnin mənəvi zərərlər qisminə toxunub.
Onun fikrincə, mənəvi dəyərlər, maddi dəyərlərdən daha üstün tutulur: "Təbii ki, biz beynəlxalq təşkilatlar qarşısında vurulan zərərlərə görə təzminatı tələb etməliyik. Bu gün o beynəlxalq müstəvi sözdədir, əməldə biz görmürük. Onlar kimə qulluq edir? Güclü tərəflərə qulluq edir, onların tərəfindən çıxış edir”.
O, tam əminliklə Qarabağın işğaldan azad ediləcəyini vurğulayıb.
"Torpağımızda soyqırım törətmiş, işğalçılıq etmiş dövlət kimi Ermənistan məsuliyyətə cəlb olunanda bu təzminatdan danışmaq olar. Hələ ki işğalçı siyasət davam edir”.
31 Mart soyqırımı 1918-ci ildə baş verib.
Belə ki, 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədiblər.
Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Eks-prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Gülzar N. Məmmədli
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.