11:02, 16 İyul 2018 (Bazar ertəsi) 111

Erməni tərəfinin kəşfiyyat-diversiya qrupunun üzvü əsir götürülüb - Müdafiə Nazirliyi

Erməni tərəfinin kəşfiyyat-diversiya qrupunun üzvü əsir götürülüb - Müdafiə Nazirliyi
İyulun 15-də, səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində bir nəfər Ermənistan vətəndaşının saxlanıldığı bildirilir.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə,  erməni tərəfinin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Lakin bu cəhdin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Ermənistan mətbuatında bu haqda məlumat yoxdur. Yalnız iyulun 14-də Azərbaycan tərəfinin 170 dəfə atəşkəsi pozduğu qeyd olunur.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.