01:04, 18 Aprel 2018 (Çərşənbə) 1040

"Ərdoğan bu təklifi müttəfiqinin dili ilə səsləndirir" - ŞƏRH

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı avqustun 26-da Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini təklif edib.

Baxçalı deyib ki, Türkiyənin bu ağırlıq altında daha çox qalması, 3 noyabr 2019-a  qədər səbrlə dayanması mümkün deyil. 

Prezident Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı aprelin 18- də MHP lideri ilə  görüşəcəyini bildirib.

Müsavat Partiyasının Divan üzvü Elman Fəttah Toplum.tv-yə bildirib ki, Türkiyədə seçkilərin növbədənkənar keçirilməsi ənənəsi geniş yayılıb: "Sonuncu dəfə 2015-ci ilin noyabrında (eyni ilin iyulunda formalaşan parlament buraxılaraq) növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin növbədənkənar keçirilməsini Türkiyə Konstitusiyasının 116-cı maddəsi tənzimləyir. Deputat sayının 3/5 hissəsinin səsçoxluğu ilə növbədənkənar seçkilər haqda qərar qəbul edilə bilər. Əgər parlament 116-cı maddəyə istinadən belə qərar verərsə, o halda parlament seçkiləri ilə prezident seçkiləri birlikdə keçirilməlidir. MHP sədri Dövlət Baxçalının növbədənkənar prezident seçkiləri təklifi, əslində məhz növbədənkənar parlament seçkiləri təklifidir. Konstitusiyanın 104-cü maddəsi eyni zamanda prezidentə növbədənkənar parlament seçkiləri keçirmək səlahiyyəti verir. Ancaq bu halda prezident seçkiləri də avtomatik olaraq yenilənmir. Görünür, bu səbəbdən Ərdoğan növbədənkənar prezident seçkiləri keçirilməsi arzusunu müttəfiqi Dövlət Baxçalının dili ilə 106-cı maddəyə yönləndirərək parlamentlə birlikdə prezident seçkilərinin də yenilənməsinə nail olmaq istəyir. Burada belə sual yarana bilər ki, Ərdoğan niyə öz səlahiyyətini qısaldaraq növbədənkənar seçkilərə getmək istəsin ki?! Məsələ burasındadır ki, qəbul edilən son Konstitusiya qanunu ilə bir çox əlavə  və dəyişikliklər, hansılar ki prezidentin səlahiyyətlərini artırır, o müddəalar məhz növbəti seçkidən sonra qüvvəyə minəcək".

E.Fəttahın sözlərinə görə, Ərdoğan növbədənkənar seçkilər vasitəsilə səlahiyyətlərini artırmaq istəyir: "Ərdoğan növbədənkənar seçkilər vasitəsilə bu səlahiyyətlərinə daha tez qovuşmaq istəyir. Digər tərəfdən, Konstitusiyanın 106-cı maddəsinə son dəyişikliklə belə bir müddəa əlavə olunub ki, əgər növbədənkənar prezident seçkiləri prezidentliyin ikinci müddətində olarsa bu zaman mövcud prezidentin yenidən  (3-cü dəfə) namizəd olmaq haqqı var. Görünür Ərdoğan nəinki indi, hətta növbəti, ikinci dönəmində də seçkiləri növbədənkənar keçirməyə nail olmaqla "2 dəfədən artıq namizəd olmaq" məhdudiyyətindən yayınmaq istəyir. Şərti baxımdan müxalifət sayılan MHP sədrinin Ərdoğanın istəyinə uyğun təkliflə çıxış etməsi isə növbəti seçkilərdə barajı aşacaq qədər nüfuzunun olmaması əndişəsindən qaynaqlanır. O, Ərdoğanla müttəfiqliyi başa çatmamış parlamentdə təmsilçilik imkanlarını bu yolla təminat altına almağı düşünür".

"O ki qaldı Türkiyədə növbədənkənar seçkilərin siyasi baxımdan zəruriliyi məsələsinə, təəssüf ki, Türkiyədəki siyasi proseslərin gedişatını dövlət maraqlarından daha çox siyasi elitanın, konkret olaraq Ərdoğanın siyasi maraqları təyin edir. Seçkilərin növbədənkənar keçiriliməsinin Ərdoğanın maraqları baxımından əhəmiyyətini isə yuxarıda qeyd etdik", - o bildirib. 

Ekspert Araz Aslanlı bildirib ki, prezident seçkilərinin növbədənkənar keçirilməsi ehtimalı var: "Bu ehtimal uzun müddət idi ki, daxili və xarici proseslərə görə Türkiyənin gündəmində idi. Bu məsələnin dövlət nümayəndələri tərəfindən gündəmə gətirilməsi maraqlıdır, çünki onlar daha əvvəl bu məsələni rədd edirdilər. 2015-ci ilin iyununda keçirilən parlament seçkilərindən sonra hökumət qurulmayanda da Baxçalı istədiyi üçün növbədənkənar parlament seçkiləri keçirilmişdi, indi də bu məsələ Baxçalı tərəfindən gündəmə gətirilir. Hökumət tərəfindən verilən açıqlamalara baxsaq  görürür ki, məsələni müsbət dəyərləndirirlər. Belə görürük ki, əslində bu barədə AKP ilə razılıq əldə olunub, ancaq bunu Baxçalının çağırışı ilə edəcəklər, yəni Baxçalıya müraciət edəcək və sonra qərar qəbul olunub reallaşdırılacaq. Türkiyədə bir neçə dəfə müxalifət tərəfindən də bu məsələ qaldırılıb və yeni parlament seçkiləri tələb olunub. Budəfəki növbədənkənar seçkilərə arqument kimi AKP-nin nüfuzunu itirməsi və bunun qarşısının alınması istəyi ola bilər".   

"Hesab edirəm ki, AKP də əsaslandıracaq ki, qeyri-müəyyənlik var və bu qeyri-müəyyənliyi ortadan qaldırmaq üçün növbədənkənar seçkiləri mütləqdir”, - Aslanlı deyib. 

Lalə İsgəndərli
Toplum.Tv