10:45, 07 Fevral 2018 (Çərşənbə) 187

Ən böyük raket sınaqdan çıxarıldı

Ən böyük raket sınaqdan çıxarıldı


/ DÜNYA
Ötən gecə SpaceX şirkəti son on illərin ən böyük raketini buraxıb. Bu, özəl bir şirkət üçün də böyük uğur sayılır.

Falcon Heavy raketi fevralın 6-da Floridanın məşhur Kennedy Kosmik Mərkəzindən buraxılıb. 50 il öncə NASA da Aya astronavtları buradan göndərmişdi.

Buraxılandan səkkiz dəqiqə sonra raketin iki yan hissəsi Yerə qayıdıb, yaxınlıqdakı Cape Canaveral Hava Qüvvələri Stansiyasına eniş edib.

Raketin orta hissəsi sahildə 400 kilometr aralıda Atlantik Okeanında platformaya düşməliydi. Amma son məlumatlarda bunun baş tutmadığı bildirilir.

Falcon Heavy 1970-ci illərdə NASA-nın işlətdiyi Saturn V raketlərindən bəri orbitə buraxılmış ən böyük raket sayılır. Tam işlək vəziyyətə gətiriləndən sonra bu sistemdən ABŞ ordusu və telekommunikasiya şirkətlərinin işlətdiyi ağır peyklərin orbitə çıxarılmasında istifadə olunacaq.

SpaceX şirkətini Kaliforniyadan sahibkar Elon Musk yaradıb. Onun Tesla şirkətinin buraxdığı elektrik avtomobilləri isə Birləşmiş Ştatlarda məşhurlaşıb.

Falcon Heavy orbitə Tesla Roadster avtomobilini də çıxarıb. Şirkəti bu maşını Marsa göndərməyi planlaşdırır.