16:01, 11 Mart 2019 (Bazar ertəsi) 162

Elmira Süleymanova Rusiyalı həmkarına müraciət edib

Elmira Süleymanova Rusiyalı həmkarına müraciət edib
Ombudsman Elmira Süleymanova azərbaycanlı jurnalistlərin məsələsi ilə bağlı Rusiyadan olan həmkarı Tatyana Moskalkovaya müraciət edib.

Bu barədə Ombudsman Aparatından bildirirlər.

E.Süleymanova müraciətdə Rusiyada yaşayan və işləyən Fuad Abbasovun təzyiqlərə məruz qalmasını və «Sputnik» İnformasiya Agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlunun vəzifəsindən azad olunmasını həmkarının diqqətinə çatdırır.

Azərbaycanlı ombudsman jurnalist F.Abbasovun sosial şəbəkələrdə ictimai çıxışlarına görə izlənilməsi, təzyiqlərə məruz qalması, habelə həyatı üçün təhlükənin mövcudluğu barədə məlumatlar yayıldığını deyir.

E.Süleymanova «Sputnik» İnformasiya Agentliyinin Bakı filialının baş redaktoru M.Yaşaroğlunun isə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş nəşrlərinə görə fevralda tutduğu vəzifədən azad edildiyini də vurğulayır.

O, həmkarından bu məlumatların yoxlanılmasını, adıçəkilən azərbaycanlı jurnalistlərin beynəlxalq konvensiyalarda və Rusiya qanunvericiliyində təsbit olunmuş hüquq, azadlıq və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlərin görülməsini xahiş edir.

«Sputnik» İnformasiya Agentliyinin Bakı filialının baş redaktoru M.Yaşaroğlu bu günlərdə agentlikdə tutduğu vəzifədən azad edilib. Sosial media onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqeyə görə diskriminasiyaya məruz qaldığını yazsa da, hələlik media qurumu bu haqda rəsmi açıqlama yaymayıb.

Rusiyada yaşayan və rəsmi Bakının mövqeyindən çıxış edən azərbaycanlı jurnalist F.Abbasovun isə hədələndiyi barədə məlumatlar yayılır.

Azadlıq Radiosu