12:47, 03 Sentyabr 2016 (Şənbə) 265

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVUN NƏVƏSİ: "AZƏRBAYCANI ÇOX SEVİRƏM, ORA GETMƏYİ ÇOX İSTƏYİRƏM" - MÜSAHİBƏ

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVUN NƏVƏSİ:

 

Gülnara Kurdemir: "Azərbaycandan heç kim maraqlanmadı, çox sevindim, gec də olsa məni axtardınız, tapdınız"

Əlimərdan bəy Topçubaşovun böyük qızı Sara Topçubaşovadan 2 nəvəsi olub, Zərifə və Gülnara. 93 yaşlı Gülnara Kurdemir bizi İstanbulun qədim məkanlarından olan Cihangirdəki evinə dəvət etdi. Bizi sevimli pişiyi ilə qapıda qarşıladı. Evdə olan bütün əşyaları, xüsusilə ağ, qara şəkillər uzun illəri sığdırmışdı ovuclarına. Gözləri gülürdü Gülnara xanımın. Açığı, belə qarşılanacağımızı gözləmirdik. Səmimi, təvazökar və 93 yaşı olmasına baxmayaraq, olduqca sağlam görünürdü. Saatlarla söhbət etdik, fransız dilində danışdığı üçün türk dilində o qədər yaxşı bilməsə də aram-aram, təmkinlə hər şeyi izah etməyə çalışırdı. Babasından qalan fransızca yazılımış əl yazıları və şəkillər evin ən gözəl guşəsində yer almışdı. Uzun illər əvvələ getdik, Gülnara xanım, hətta uşaqlıq xatirələrini belə çətinlik çəkmədən xatırladı. 

"Report" Gülnara Kurdemir ilə müsahibəni təqdim edir.  

- Fransada doğuldunuz, əvvəlcə İstanbula gəlişinizdən başlayaq, neçə ildir burda yaşayırsınız?

- 1950-ci ildə İstanbula gəldik. Atamın ailəsi Trabzonda yaşayırdı və o ailəsini görmək üçün Türkiyəyə gəldi, anamı, məni və bacımı özü ilə İstanbula gətirdi. O zaman 22-23 yaşındaydıq. Anam Topçubaşovun böyük qızı idi, bir xalam vardı, 3 dayım. Ələkbər, Ənvər və Rəşad. Onları çox gözəl xatırlayıram. Rəşad bir az gənc yaşında vəfat etdi. Ələkbər çox qiymətli insan idi, İslam dinini araşdırırdı və olduqca çox dil bilirdi. Böyük bir kitabxanası vardı. Vəfat etdiyi zaman kitabxananı kiməsə verdi, amma onun adını bilmirəm. Babamın bütün yaradıcılığı o kitabxanadaydı, bütün həyatı o kitabxanada toplanmışdı. Ara-sıra düşünürəm, o kitabxana hara getdi, kimə verildi?!

- Babanızı necə xatırlayırsınız?

- Mən doğulduğum zaman vəziyyətimiz heç də yaxşı olmayıb. Atam hambal, anam da tikiş fabrikində dərzi işləyirdi. Ancaq sonra yavaş-yavaş vəziyyətimiz düzəldi. O zaman babam Fransanın Sen Klu şəhərində yaşayırdı. Xatirələrim çoxdur, amma xatırlmaqda çətinlik çəkirəm. Çünki o vaxt çox kiçik idim. Biz İstanbula gələndə Fransadan ayrıldığım üçün kədərlənmişdim. Gəldim, bura alışmağa çalışdım. Ailə qurdum, bir kitabxanaçıyla evləndim və ömrüm elə burada keçdi. İki uşağım oldu. Oğlum 35 yaşında vəfat etdi, qızım Bodrum şəhərində yaşayır. Yoldaşımla ayrılmışdım. Uğursuz evliliyim oldu. Anası yazıçı idi, onun kitab işinə maraqlı olması xoşuma gəlirdi. O özünü intellektual göstərərək yaxşı rol oynadı.

- Babanızın vəfat ediyi günü xatırlayırsınızmı?

- Babam 14 il Fransada yaşadı. Babamın vəfat ediyi günü dünənki kimi xatırlayıram. 1934-cü il idi. Gözümün önündədir ogünkü görüntülər. O vəfat edəndə mənim 10 yaşım vardı. Anam bizi çölə çıxmağa qoymadı. Bütün yol, küçə insanlarla dolu idi. Bütün millətlərdən insanlar var idi. Gürcülər, dağıstanlılar, azərbaycanlılar, fransızlar hər kəs, orada idi. Fansızlar şok olmuşdu, niyə dəfnə bu qədər insan toplaşıb deyə. Babam çox yaxşı insan idi. Onun siyasətini bilirdim təbii ki, ən önəmlisi o hər kəsin bir olması üçün mücadilə edirdi. Biz San Klu şəhərində yaşadığımız zaman yemək süfrələrimizi xatırlayıram. Böyük masalar olurdu və ən başda babam oturardı. Böyük ailə idik. Hər kəs sırayla otururdu və yerini bilirdi. Babamın anası və böyük bacısı da bizimlə qalırdı. Çox yaxşı insan idi nənəm. O da dərzi işləyirdi. Çox vaxt mən də onunla iş yerinə gedirdim, axşama qədər işin bitməsini gözləyirdim. Çox gözəl və səssiz bir qadın idi. Mən rəngli qələmləri çox sevirdim. İndi də sevirəm. O hər dəfə işdən çıxanda mənə qələmlər alırdı. Vəziyyət heç də yaxşı deyildi, ancaq o məni bu qələmlərlə məmnun edə bilirdi. Babam da boş vaxtlarını bizə həsr edirdi, bizi parka aparırdı və Azərbaycan dilini öyrədirdi. Onlar aralarında rus dilində danışırdı. Biz heç nə başa düşmürdük. Amma babam bizimlə Azərbaycan dilində danışırdı və bizə hərfləri öyrədirdi.

- Siz hansı dilləri öyrəndiniz? Təhsilinizi İstanbulda davam etdirdinizmi?

- Mən çox dil bilmirəm. Məktəbdə İspan və İngilis dilini öyrənmişdim. İstifadə etmədikcə unuduldu getdi. Görürsüz, Türkcə də çətinliklə danışıram. Fansız dili doğma dilimdi, çünki bütün dostlarım, çevrəm Fransızca danışır. Hüquq sahəsində təhsil almaq istəyirdim. Amma təhsili yarımçıq saxladım. Konservatoriyada piano fakültəsinə daxil oldum, onu da tamamlamadım. Buna görə, çox peşmanam. Eşitmişəm Azərbaycanda hər kəs müsiqiylə məşğul olur, hər kəsin evində piano var. Bu çox gözəldir. Təəssüflənirəm ki, İstanbula gəldikdən sonra heç nə etməmişəm. Uşaqlarımla məşğul oldum və vaxt keçdi.

- İçinizdə Azərbaycan həsrəti oldumu, Bakıya heç getdinizmi?

- Fransa, Azərbaycan, İstanbul - bu üç şəhər mənə əzizdir. Xeyr, heç getmədim. Təəssüf ki, getmədim. Bir dəfə məni və bacımı dəvət etmişdilər, biletlərimiz də hazır idi, ancaq bacım xəstələndiyi üçün gedə bilmədik. Çox təəssüfləndik. Təxminən 20 il əvvəl idi. İndi çox istəyərəm ki, gedim Bakını görüm. Ancaq yaşlandım, 93 yaşım var. Tək gedə bilmərəm. Yıxılaram, bir şey olar. Biri yanımda olsa sevinə-sevinə gedərəm. Ora anamın vətənidir. Bir dostum Bakıdan mənə şəkillər çəkib gətirmişdi. Onlara baxıram ara-sıra, gözəl şəhərdir.

- İstanbulda həyat necə gedir? Buradakı yaşayışınızdan məmnunsunuzmu?

- Məmnunam. Yoldaşımdan ayrıldıqdan sonra uzun müddət Qalatasaray liseyinin uşaqlarına fransız dilində özəl dərslər verdim. Əvvəllər heç işləməmişdim. O zaman öz ayaqlarım üstə durmağı öyrəndim. Əvvəllər atam da kömək edirdi, çünki həyat yoldaşımın dəstəyi az idi. O, biraz əhlikef adam çıxdı.

- İndiyə kimi Azərbaycandan qapınızı döyən oldumu? Konsulluq və digər rəsmi qurumlardan sizinlə heç maraqlanıblarmı?

- Heç kim maraqlanmadı. İlk dəfədir ki, siz gəlirsiniz. Çox sevindim, gec də olsa məni axtardınız, tapdınız. Azərbaycanı çox sevirəm. Ora getməyi çox istəyirəm. Qismət deyək, nəsib olsa gedib görərdim.

report.az