14:40, 20 İyun 2018 (Çərşənbə) 49

Əli Əhmədov hesabat verib

Əli Əhmədov hesabat verib
"Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində irəliləyişlər əldə edilib”. AZƏRTAC-ın məlumatına görə, iyunun 20-si Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının beşinci iclasında çıxış edən baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov belə deyib.

Nazirlər Kabinetində keçirilən iclasda danışan Əli Əhmədov qeyd edib ki, qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində, o cümlədən işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlər var: "Bu ilin beş ayı ərzində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində 43 min 434 əmək müqaviləsi təsdiqlənib. Keçən ilin eyni dövründə 21 min 506 müqavilə rəsmiləşmişdi”.

Baş nazirin müavini qeyd edib ki, 2017-ci ilin əvvəlinə 1 milyon 265 mindən çox müqavilə, ötən il iyunun 1-dək 1 milyon 287 mindən artıq müqavilə bağlanıb: "Bu il yanvarın 1-nə 1 milyon 310 mindən çox müqavilə, iyunun 1-dək 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Bağlanan əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində olub. Bu il mayın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 538,2 min nəfərə çatıb”.

Əli Əhmədov bildirib ki, komissiya qarşısında 36 bənd üzrə işlərin yerinə yetirilməsi vəzifə kimi qoyulub: "Bu tədbirlərdən 12-si tam, 8-i isə qismən icra edilib. Digər vəzifələrin icrası üzrə işlər davam etdirilir”.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası dövlət başçısı İlham Əliyevin 17 mart 2017-ci il sərəncamı ilə yaradılıb. Komissiyaya əmək və əhalinin sosial müdafiəsi naziri, vergilər naziri, iqtisadiyyat naziri, Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti daxildir.

Quruma əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin etmək; qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi tapşırılıb.