15:21, 25 May 2018 (Cümə) 215

"Elə bilirsiniz, sərnişinlərin hamısı yaxşıdır, biz pisik?

Ölkədə taksi xidməti göstərən şirkətlərin sayı günbəgün artır. Təkcə Bakıda onlarla belə şirkət var. 

İqtisadçılar hesab edir ki, bu rəqabət vətəndaşlara qiymət və rahatlıq seçimi üçün imkan yaradır. Amma son zamanlar taksi xidmətlərinin səviyyəsindən gileylənənlər də az deyil. 

Hər bir şirkət öz xidmətinin daha sərfəli olduğunu sosial şəbəkələr vasitəsilə duyurmağa çalışır. 

Toplum.Tv taksi xidməti göstərən şirkətlərin qiymətləri və müştəri məmnuniyyəti ilə maraqlanıb. 

Öncə ünvan olaraq "Memar Əcəmi” metrostansiyasının qarşısından "28 May” metrostansiyasının qarşısına qədər olan istiqaməti seçdik. 

Məsafə 10-18 km göstərilir.

Beləliklə, seçdiyimiz marşurut üzrə ən ucuz gedən taksi şirkətləri bunlardır:

*9933 Salam taksi - 2.72 manat
*5959 Felix taksi - 2.96
189 taksi - 3.33
*3003 OK taksi - 3.40
*5000 taksi - 3.41
*9111 Ekonom taksi - 3.70 manat
*2424 taksi - 3.80 manat.

Hər kəsin "London taksiləri” kimi tanıdığı taksilərin də qiymətləri ilə maraqlandıq. Sərnişinin avtomobilə əyləşməsi 1 manatdır. Şəxsin gedəcəyi ünvanın kilometrindın asılı olaraq (1-10km-0.70, 10-20 km-0.40 və 20 kmdən daha artıq yol qət etdikdə qiymət aralığı 0.20 manat) dəyişir.

Tıxacdan asılı olaraq isə "Uber” taksi 1-3km arası 1-2 manat civarında xidmət göstərir.

Bəs görəsən bu sadaladığımız şirkətlərin mənfi cəhətləri necə, varmı?  Bunun üçün sosial şəbəkələrdəki səhifələrə, paylaşımlara baxmaq lazım gəlir.  

Yazılanları ümumiləşdirəndə belə məlum olur ki, müştəriləri ən çox narahat edən operatorların kobud davranışı və təyin olunan taksinin ünvana (tıxac olmadığı halda) gec və ya heç gəlməməsidir. Bu kimi hallar ən çox *9933 Salam taksi, *2424 və *5000, *8555 taksi şirkətlərində yaşanır. 

Əksər müştərilər yazır ki, sürücü gecikdiyi halda onunla əlaqə saxlamaq istədikdə telefon üzlərinə bağlı olur. Müştərilərin fikrincə, səbəb "yolda başqa müştəri götürüb, əsas sifarişə isə sonradan baxmaqlarıdır”. 

Operatorlar isə deyir ki, sürücünün ünvana gedib-getməməsinin məsuliyyətini onlar daşımır.

Fəaliyyəti narazılıq doğuran şirkətlərlə də əlaqə saxladıq.  *9933 Salam taksi şirkətindən bildirdilər ki, müştərilərin şikayəti ilə mə.ğul olan ayrıca şöbə var və bu şöbə şikayətləri araşdırır və sonda problemi həll edir. Ancaq indiyədək şikayətlərə görə neçə sürücünün və ya operatorun cəzalandırılması ilə bağlı dəqiq rəqəm deyilmir. 

*2424 və *5000 xidmətlərini həyata keçirən şirkətlərdən məsələyə münasibət öyrənmək mümkün olmasa da, *8555 saylı operator xidmətindən bildirildi ki, problemlərin yaranmasına səbəb maşın azlığıdır. 

Toplum. Tv sürücülərlə də əlaqə saxlayıb. "Salam taksi” şirkətində çalışan Mahir adlı sürücü əsas günahı operatorlarda görür: "Çoxu səriştəsizdir. Bəzən mənə elə ünvan deyirlər ki, gedib çıxıram, məlum olur yanlışdır. Səhv yönləndirmə olanda sifariş də gecikir. Bundan başqa, yollardakı tıxaclar da işimizə əngəl yaradır. Məsələn, mən Formula 1 ərəfəsində demək olar işləyə bilmədim. İşləməyəndə də faiz verə bilmirsən, evinə çörəkpulu aparmırsan. Stress, gərginlik də bir tərəfdən. Elə bilirsiniz, sərnişinlərin hamısı yaxşıdır, elə biz pisik? Sərnişinlərin şikayətinə görə 2 şirkət dəyişmişəm. Biri şikayət etmişdi ki, saqqal saxlayıram. O birisi də deyib ki, guya onu şəhərdə çox dolandırmışam. Hər ikisindən acıq edib çıxmışam. Çünki saqqal saxlamaq mənim şəxsi işimdir, yol bağlı olandan sonra məcburam də dolanmağa. Bunun qiymətə təsiri yoxdursa, gileylənməyin mənası nədir?”.

Ötən il bəzi millət vəkilləri taksi xidmətilərində qiymətlərin tənzimlənməsi məsələsini gündəmə gətirsə də, bu, ekspertlər tərəfindən xoş qarşılanmadı. Hesab etdilər ki, taksi xidmətləri ilə bağlı eyni qiymətin tətbiqi rəqabət mühitinin məhv edilməsinə və bu sahənin də inhisara alınmasına xidmət edəcək. 

Nərmin Məmmədova