18:19, 26 Sentyabr 2018 (Çərşənbə) 384

Ekspert: "Rusiya Azərbaycandan nəsə qoparmağa çalışır"

Ekspert:
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana 3 günlük səfər edəcək. 

Bu səfərdə iqtisadi əməkdaşlıq məsələlərinin ön planda olması nəzərdə tutulur.

Bəs ekspertlərin 3 günlük səfərdən gözləntiləri nədir?

Politoloq Nəsimi Məmmədli Toplum Tv-yə bildirib ki, Rusiyanın Aəzrbaycana etdiyi hər səfər böyük maraqla qarşılanıb: "Rusiya çox böyük və güclü qonşumuzdur. Onunla normal qonşuluq münasibətlərinin qurulması önəmli olsa da, bu əlaqələri milli maraqlarımızı təhlükəyə ataraq davam etdirmək ölkəmizə yaxşı gələcək vəd etmir. Rusiya prezidenti Vladimir Putin Bakıya dəfələrlə səfər etsə də, bu səfərlər hər dəfə çox maraqla qarşılanır. Çünki Rusiya MDB çərçivəsində əməkdaşlıq etdiyi qonşu dövlətlərə və keçmiş sovet respublikalarına  ən həssas təsir dairəsi kimi yanaşır. Beynəlxalq hüququn prinsiplərinə məhəl qoymadan bu dövlətlərə müxtəlif cür müdaxilələr edir".

Politoloq bildirir ki, Putinin səfəri zamanı ilk baxışda iqtisadi əməkdaşlıq məsələlərinin öncəlik təşkil edəcəyi vurğulanır: "Üzdə görünən budur ki, sənaye, maşınqayırma, nəqliyyat, energetika, turizm və humanitar sahələrdə əməkdaşlıq imkanlarının genişlənməsindən bəhs ediləcək. Ancaq üzdə görünməyən xeyli mühüm məsələlər barədə də müzakirələrin aparılacağı istisna deyil. Xüsusilə də informasiya, xarici siyasət, beynəlxalq qurumlarda ortaq mövqelər, təhlükəsizlik və siyasi məsələlər ətrafında müzakirələrin olacağı da gözlənilir. Əsasən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq, Ermənistan-Azərbaycan münasibətlərinin yeni mərhələyə daxil olması və Qarabağ problemi ilə bağlı razılaşmaların əldə edilməsi kimi məsələlər də gündəlikdə dayanır".

Politoloqun sözlərinə görə ABŞ-ın sərt sanksiyalarının Rusiya iqtisadiyyatına mənfi təsirləri artıq hiss edilməkdədir. 

O hesab edir ki, bir neçə il ərzində bu təsirlər daha da dərinləşə və Rusiyada ağır siyasi-sosial böhrana çevrilə bilər: "Rusiya öz qonşuları ilə bütün mürəkkəb siyasi məsələləri öz strateji maraqlarına uyğun həll etmək üçün bütün vasitələrə əl atır. Azərbaycan, İran və Türkiyə ilə əlaqələrin dərinləşdirilməsi, Qərbin regionda təsirlərini önləmək üçün fəal diplomatiya aparır".

N.Məmmədli qeyd edir ki, Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi təsirləri də getdikcə zəifləyir: "Bu hal Rusiyanın ciddi narahatlığına səbəb olub və onun qarşısını almaq üçün Azərbaycanda daha da möhkəmlənmək istəyir. Eyni zamanda Ermənistanda Paşinyan hökumətinin apardığı siyasət də Rusiyanın regional maraqlarına uyğun gəlmir. Hətta Rusiyanın bəzi dairələri Ermənistanı Azərbaycanın əli ilə cəzalandırmaq arzusunu da gizlətmirlər. Rusiyanın bu planına dəstək məqsədilə Azərbaycandan da bəzi qeyri-real təkliflər səslənir. Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsindən Qarabağ məsələsində yararlanmaq imkanının olması ilə bağlı cəmiyyətdə çaşqınlıq yaradılır. Tərəflər arasında səslənən kəskin bəyanatlara baxmayaraq Ermənistan Rusiya üçün çox önəmli dövlətdir. Ermənistanın Qafqazda mövcudluğu üçün Rusiya bütün vasitələrdən istifadə edir və bundan sonra da edəcək".

Politoloq qeyd edir ki, Cənubi Qafqazda Rusiyanın mövcudluğunun əsas dayağı da məhz qonşu dövlətlər arasında mövcud olan qanlı münaqişələrdir: "Ermənistanda kimin iqtidarda olmasından asılı olmayaraq Rusiyanın bu siyasəti dəyişməyəcək".
 

Onun sözlərinə görə hazırda MDB-də Rusiyanın ən çox təsir dairəsində olan ölkə Azərbaycandır: "Azərbaycan iqtidarı faktiki olaraq Rusiyanın heç bir planına müqavimət göstərməyə qadir deyil. Təəssüf ki, Rusiya ən pis senariləri də Azərbaycan hökumətinə qəbul etdirmək imkanındadır. Hətta Qarabağla bağlı çox təhlükəli məsələlərin də reallaşması ehtimalı var".

Politoloq onu da bildirir ki, Putinin  bu səfəri həm də "5-ci kolon”un zəifləməkdə olan mövqelərini bərpa etməyə hesablanıb: "Son illərin təcrübəsi göstərir ki, Rusiya yaxın əməkdaşlıq etdiyi bütün dövlətlərdə çox güclü "5-ci kolon”a sahibdir. Səfər başa çatdıqdan sonra bu istiqamətdə nəzərəçarpacaq dəyişiklik olacağı istisna deyil".

İqtisadçı-ekspert Məhəmməd Talıblının Toplum TV-yə verdiyi açıqlamasına görə bu səfər Azərbaycanı Rusiyanın patronajlığı ilə olan birliyin məngənəsinə salmaq üçündür: "ABŞ-ın sanksiyaları qarşısında aciz qalan Rusiya öz orbitinə mümkün qədər daha çox postsovet dövlətlərini yığmaq istəyir ki, onların qatqısı hesabına izolyasiyadan çıxsın".
 

"Bu səfər əsnasında da Ermənistana təzyiq edib, Azərbaycanı razı salıb əvəzində bizdən nəsə qoparmaq istəyirlər. Rusiya bu qədər primitiv ölkədir", - iqtisadçı belə deyir. 

Samirə Əliyeva
Toplum Tv