15:22, 07 Mart 2018 (Çərşənbə) 213

Ekspert: "Qazın tərkibi yararlı olmasaydı, kütləvi zəhərlənmə olardı"

Ekspert:
Martın 5-də Sumqayıt şəhərində bir ailənin 6 üzvü dəm qazından boğularaq ölüb. 

Sumqayıt Şəhər Prokurorluğu və Səhiyyə Nazirliyi məlumatı təsdiqləyib. 

Prokurorluqdan bildirilir ki, hadisənin səbəbləri araşdırılır.

Azərbaycanda dəm qazından zəhərlənmə və ölüm halları xüsusilə qış aylarında artıb. 

Toplum.Tv dəm qazından zəhərlənmə hallarının səbəblərini araşdırıb: "Azəriqaz" İstehsalat Birlyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu tip hadisələrin səhlənkarlıq ucbatından baş verdiyini deyir:
 
 
"Azəriqaz İstehsalat Birliyi ölkə ərazisində yalnız qazın paylanması və satışı ilə məşğuldur. Onu da nəzərinizə çatdırım ki, qazın tərkibi təmizdir və heç bir dəyişiklik yoxdur. Qaz aqrifitasiya olunmuş laboratoriyalarda yoxlanılır. İstehlakçılara paylanan məhsul səmt qazı deyil, fermentləşdirilmiş qazdır. Aidiyyatı qurumlarla birgə "Azəriqaz" mütəxəssisləri tərəfindən genişmiqyaslı maarifləndirmə işləri, o cümlədən, televiziya və KİV-lərdə istehlakçıların təbii qazdan istifadə edərkən diqqətli olmaları barədə maarifləndirmə işləri aparılır. Buna baxmayaraq, əsasən qış aylarında dəm qazından zəhərlənmə kimi hallar baş verməkdə davam edir. Araşdırmalar əsasında məlum olub ki, təhlükəsizlik qaydalarına riayət olunmadığına görə belə hallar baş verir. Təbii qazla işləyən, suqızdırıcısı qoşulan vanna otaqlarının həcmi bir sıra parametrlərə uyğun olmalıdır. Qeyd edim ki, vanna otağının həcmi 7,5 kub/metr-dən, hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Həmçinin vanna otağının qapısı çölə açılmalı, qapının aşağı hissəsində çoxlu sayda dəlik olmalı, havalandırma sistemi, ən əsası da tüstü bacası işlək durumda olmalıdır. Baca isə ən azı ildə iki dəfə təmizlənməlidir. Sadaladığım texniki təhlükəsizlik qaydalarına riayət edilərsə, dəm qazından zəhərlənmə hallarının qarşısını almaq olar. 2016-cı ildən evlərə baxış keçirmək səlahiyyətini biz icra etmirik. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 29 aprel tarixli qərarı ilə "Azəriqa İstehsalat Birliyi mənzillərə baxış keçirmir”.

SOCAR-ın mətbuat xidməti İbrahim Əhmədov isə ünvanlanan suallardan yayınıb: "Qaz təchizatı ilə bağlı bütün sualları "Azəriqaz"a ünvanlayın”.
 
 

 
«Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi, ekspert Nüsrət Qasımlı isə əhaliyə verilən qazın tərkibində heç bir problem olmadığını vurğulayıb: "Əvvəla, sözügedən evdə tədqiqat aparılır və müvafiq komissiya təyin olunub. Mənim bu məsələyə rəy verməyim tədqiqatın işinə müdaxilə kimi başa düşülər. Komissiya mövqeyini bildirdikdən sonra açıqlama verərik.
 
 
Əgər qazın tərkibi istehlaka yararlı olmasa idi, onda ölkədə kütləvi zəhərlənmə baş verərdi. Azərbaycanda 2 milyondan çox abonent qazdan istifadə edir, qazın tərkibi yaxşı olmasaydı, kütləvi surətdə 9 milyon əhali həyatını itirərdi. Bu yaxınlarda ABŞ-ın ştatlarının birində 21 nəfər dəm qazından zəhərlənmişdi. Əvvəllər internetə çıxışımızın məhdudluğuna görə xaricdə belə halların baş verməsindən xəbərsiz idik. Qazdan zəhərlənmə hallarının 99 faizi vanna otaqlarında baş verir, təsadüfi hallarda dəmir sobalardan istifadə zamanı tüstü bacalarının düzgün qurulmamasından irəli gələn zəhərlənmələr olur. Dəm qazı 0,1 faiz dəm qazı evə yığılırsa, 7 dəqiqədə insanı öldürür. Dəm qazı nəticəsində baş vermiş hadisələrlə bağlı 48 il işləmişəm. Müxtəlif yerlərdən götürülən qazı laboratoriyaya yoxlanışa göndərirdik. Qazın içərisində zəhərli maddə olsaydı, bu, kütləvi zəhərlənmələrə gətirib çıxarardı. Qazın tərkibi metan, karbon və hidrogen qarışığı(CH4) ibarətdir, hansı ki, bu maddələr zəhərli deyil. Dəm qazı karbohidrogenlərin natamam yanmasından əmələ gəlir. Yəni 1 kub/metr metan qazının tam yanması üçün 9,5 kub/metr havanın oksigeni lazımdır. Bu, çatışmayanda, yaxud da çox olanda dəm qazı əmələ gəlir. İstehsal üçün əhaliyə verilən qaz zəhərli olsaydı, Sumqayıtda 200-300 min adam insan 4 gözlü sobanın qarşısında xörək hazırlayarkən zəhərlənərdilər. Oxşar hadisələr kimi, budəfəki dəm qazından zəhərlənmə hadisəsi də fərdi işdir. Araşdırmaq lazımdır ki, ailənin yaşadığı evdə qazdan istifadə zamanı təhlükəsizlik tədbirlərinə nə qədər əməl olunub. Azərbaycanın istehsal etdiyi qaz Avropa ölkələrinə gedib çıxır, Tiflis şəhəri bizim təmin etdiyimiz qazla işləyir. Türkiyə də qazı bizdən alır. Belə olan halda sadaladığım yerlərdə də gərək zəhərlənmə halları baş verə idi. Göründüyü kimi, istehlak üçün əhaliyə verilən qazın tərkibində heç bir problem yoxdur”.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 29 Aprel tarixli qərarı ilə Fövqəladə Hallar Nazirliyinin və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirməlidirlər. 

Ofelya Ramilqızı
Toplum.Tv