13:34, 18 Oktyabr 2018 (Cümə axşamı) 913

Ekspert: "Paşinyan səslərin 70 faizini qazana bilər"

Ekspert:
Ermənistanın Baş Naziri Nikol Paşinyan Oktyabrın 16-da vəzifəsindən istefa verib. 

Bununla da o, erkən parlament seçkilərinin təyin olunması proseduruna start verib. 

Bəs Nikol Paşinyanın yenidən Baş Nazir seçilmə ehtimalı nə qədərdir və  nəticələri necə olacaq?

Siyasi şərhçi Şahin Cəfərli Toplum.Tv-yə bildirib ki, Ermənistan konstitusiyasına əsasən parlament iki həftə ərzində baş naziri seçmək üçün iki dəfə cəhd erməlidir: "Bu cəhdlər baş tutmadıqda isə parlament buraxılmış sayılır və növbədənkənar seçkilərin vaxtı müəyyən edilir. Gözlənilir ki, parlamentdə Paşinyana tabe olmayan çoxluq baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək və prosedurun işləməsinə mane olmayacaq. Paşinyan parlamentdəki ikinci böyük fraksiyaya sahib Qaqik Tsarukyan ilə razılıq əldə edib, digər qüvvələr - Serj Sarkisyanın Respublika Partiyası və Daşnaksutyun isə baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəklərini bildiriblər".

Ş.Cəfərli əlavə edib ki, seçkilərin dekabra təyin olunacağı gözlənilir: "Paşinyanın bloku şəksiz favoritdir və rəqibsiz görünür. Onların qələbəsi şübhə doğurmur, maraqlı olan, sadəcə, neçə faiz səs toplayacaqları məsələsidir. İrəvan meriyasına son seçkidə Paşinyanın bloku 81% səs aldı. Güman ki, parlament seçkilərində də buna yaxın nəticə əldə olunacaq və Paşinyan qanunverici orqanı tam nəzarətə götürəcək".

"Bu bizim taleyimizdir, onlarınkı isə islahat və demokratiya"

Politoloq Zərdüşt Əlizadə isə Paşinyanın mütləq qalibiyyətini vurğulayır. 

O hesab edir ki, Paşinyan gəlmək üçün gedib: "Yaxın tarixlərdə Ermənistanda seçki baş versə, Paşinyan səslərin 70 faizini qazanacaq. O artıq Parlamentdə təmsil olunan partiyaların əksəriyyəti ilə danışıb. Hansı ki Paşinyan istefa verir, yeni konstitusiyaya uyğun olaraq parlament özünü buraxır. Bundan sonra isə 9 dekabr tarixinə seçki təyin edilir və  seçkidə N.Paşinyan qalib gəlir. O, bundan sonra Parlamentin əksəriyyətinə söykənən hökumət təşkil edərək islahatlara başlayır. Biz isə uğurlu daxili və xarici siyasətimizlə uçuruma doğru inamla addımlayırıq. Bu bizim taleyimizdir, onlarınkı isə islahat və demokratiya".

Ofelya Ramilqızı
Toplum.Tv